Ağdaş rayonunun Dəhnə kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdaş rayonu, Dəhnə kəndində “VAZ-2107”, “VAZ-2110” və “Hyundai” markalı 3 minik avtomobili toqquşub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ-2107” markalı avtomobilin sərnişinləri - 1980-ci il təvəllüdlü Ceyhunə Əlisurət qızı Əzizova və 1995-ci il təvəllüdlü Aytac Şahin qızı Əzizova ölmüş, 4 nəfər xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış C.Əzivovanın və A.Əzizovanın cəsədlərini, habelə 1 nəfər yaralını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:53-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az