Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 2012-ci ilin birinci yarımilliyi ərzində vətəndaşlardan 76 ədəd təklif, ərizə və şikayət xarakterli müraciətlər daxil olub, onlara aidiyyəti üzrə baxılıb və Komitənin səlahiyyətləri daxilində müvafiq tədbirlər görülüb. Daxil olan müraciətlərin 5-i dövlət orqanları tərəfindən, 71-i isə birbaşa vətəndaşlar tərəfindən göndərilib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu ilin 6 ayı ərzində gördüyü işlərə dair hesabatında qeyd edilib.
Bildirilib ki, 2012-ci ilin birinci yarımilliyi ərzində Komitəyə 4 nəfər 1 il müddətinə stajçı kimi qulluğa qəbul edilərək müvafiq vəzifələrə təyin olunub. Komitədə inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçularının iştirakını nəzərdə tutan daxili müsahibədən müvəffəqiyyətlə keçmiş 3 nəfər dövlət qulluqçusu sektor müdiri, 1 nəfər isə baş məsləhətçi vəzifələrinə irəli çəkilib.
2012-ci ilin I yarımilliyi ərzində Komitənin 3 nəfər dövlət qulluqçusu qulluqda yüksəliş yolu ilə daha yüksək inzibati vəzifələrə təyin edilib, 2 nəfər işçi isə sınaq müddətinin bitməsi ilə əlaqədar daimi dövlət qulluğuna qəbul olunub.
Keçən dövr ərzində Komitəyə 7 nəfər işə qəbul olunmuş və 5 nəfər isə işdən azad edilib.
Komitənin əməkdaşları tərəfindən cari ilin birinci yarimilliyi ərzində Lənkəran, Gəncə, Yevlax, Mingəçevir və Şəki şəhərlərində, Astara, Daşkəsən, Yardımlı, Quba, Qusar, Xaçmaz, Masallı, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Oğuz və Qəbələ rayonlarında müvafiq araşdırmalar aparılıb və aşkarlanmış nöqsanların aradan qaldırılması üçün yerli memarlıq xidmətlərinə "Tapşırıq"lar verilib. Şəhərsalma fəaliyyəti zamanı inzibati xətaya yol verdiklərinə görə Yevlax və Mingəçevir şəhərlərinin baş memarları barəsində "Protokol" tərtib olunaraq hər birinin 1500 AZN məbləğində cərimə olunması üçün müvafiq "Qərar" qəbul edilib.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Böyük Bakının Regional İnkişaf Planı"( kod 4.2.29.) layihəsi üzərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İcra Qrupu tərəfindən işlər davam etdirilir. Belə ki, layihənin bütün komponentləri üzrə icraçılar müəyyən edilib, layihənin koordinatoru Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihənin hazırlanması ilə bağlı ilkin məlumatların toplanması və mövcud vəziyyətin araşdırılması işləri tamamlanmaq üzrədir.
Modern.az