Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı ehtimalı var.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 , dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
İyulun 25-də Abşeron yarımadasında hava şəraitinin isti olacağı, mülayim şimal küləyinin əsəcəyi gözlənilir.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, temperatur yüksələcəksə, insanlar buna hazır olmalıdır. Açıq günəş altında uzun müddət olmaq məsləhət deyil. İş şəraiti açıq səma altındadısa, insanlar çalışıb işlərini kölgədə qurmalıdır. Qapalı yerlərdə olan insanlar iş şəraitini sərinləşdirici otaqlarda qurmalıdır.
"Yay mövsümündə insanlar mayeni çox qəbul etməlidirlər. Çünki tərlə ifraz olunan mayenin yeri ödənilməlidir. Bədəndən minerallar xaric olduğu üçün bunu sərinləşdirici içkilərlə bərpa etmək lazımdır. Mineral sular, meyvə şirələri, limonlu çay, ayran kimi içkilərdən istifadə edilməsi daha məsləhətlidir”.
"Günəş süalarından qorunmaq üçün baş örtüyündən də istifadə etmək lazımdır. Təbii materiallardan hazırlanmış, açıq rəngli paltarlar geyinilməlidir. İstidən halı pisləşən şəxslər mütləq kölgəyə gətirilməli, havası sərin otaqlara yerləşdirilməlidir. Alnına, qol altına, sinə nahiyəsinə sərinləşdirici kompreslər etmək lazımdır və həkimə müraciət olunmalıdır. Azyaşlı uşaqlara, zəif insanlara xüsusi diqqət yetirilməlidir. Çünki uşaqlarda sirkulyasiya, dinamika zəif olur. Həddən artıq zəif, arıq insanlarda zülal mübadiləsi zəif olduğundan onlara günəş şüası pis təsir edir. Artıq çəkili insanlarda isə dərialtı piy təbəqəsi normadan artıq inkişaf etdiyi üçün onlarda istilik mübadiləsini alıb vermək çətinləşir. Belə insanlara günəş şüası altında olmamaq məsləhətdir. Günvurmadan əlavə istivurma halları da ola bilər. Özünü pis edənlər gözləməməlidir, mütləq həkimə müraciət etməlidirlər”-deyə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib .
Qeyd edilib ki, insanlar, qida rasionlarına fikir verməlidirlər. Ət xörəkləri, un məmulatlarından yay dövründə az istifadə məsləhətdir. Tərkibi bitki, tərəvəz olan qidalara daha çox üstünlük vermək lazımdır. Səhər saat 11:00-dək, axşam isə saat 18:00-dan sonra çimərliklərdə olmaq məsləhətlidir.
Günəşin ən qızmar saatı 12:00-dan axşamüstü saat 18:00-dək olur. Günəşin aktiv vaxtlarında çimərliklərdə olmaq düzgün deyil. Belə vaxtlarda həm tempetatur, həm də radiasiya yüksək olur.