Modern.az

Azərbaycan sərhəddini pozan qaçaqmalçılar yaxalandı

Azərbaycan sərhəddini pozan qaçaqmalçılar yaxalandı

Təhsil

24 İyul 2012, 16:49

Azərbaycan sərhəddini pozan İran vətəndaşları saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Modern.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarəti məntəqəsinin xidməti sahəsində İran istiqamətindən Azərbaycanın dəniz sərhədini pozmuş 3 İran vətəndaşı saxlanılıb.

Bildirilib ki, Elcali Adil Abdulhüseyn oğlu, Mehdi Aslan Xudaverən oğlu, Seyid Qulamrza Mirəziz oğlu sərhədçilərin qanuni tələblərinə tabe olmayaraq əllərindəki qaçaqmalı dənizə ataraq qayıqla hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər.

Lakin sərhəd gözətçisi kateri qaçaqmalçıların qayığını təqib edərək sahildən 2,2 mil aralıda onları yaxalayıb. DSX-nin dalğıcları xüsusi avadanlıqdan istifadə etməklə dənizin dərinliyindən 10 kq həşiş aşkarlayaraq çıxarıblar. Astara rayonunun Sim kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran istiqamətindən dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfərin qarşısı alınıb.

Qeyd olunub ki, sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq İrana qaçıblar. Hadisə yerinə baxış zamanı qaçaqmalçılara məxsus 1 kq həşiş və 2 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Qusar rayonunun Rusiya ilə həmsərhəd olan Dakar kəndi ərazisində sahibsiz tikilidə gizlədilmiş lüləsi kəsik silah, patrondaş və bir ədəd bıçaq aşkar edilərək götürülüb.

Hər 3 fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?