Zərdabi Mətbuat Mərkəzi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucovu fəxri diplomla təltif edib.
ZMM-in bununla bağlı qərarı qurumun İdarə Heyətinin 20 iyul 2012-ci il tarixli iclasında çıxarılıb.
ZMM N.Orucovun uzun illər fəaliyyət göstərdiyi Könüllü Hərbi Vətənpərvərlik İdman Cəmiyyətinin Respublika Şurasının sədri kimi kütləvi informasiya vasitələrində hərbi vətənpərvərlik və idman mövzularının işıqlandırılmasında göstərdiyi dəstəyi, sahənin spesifik cəhətləri ilə bağlı zəruri tövsiyə və təkliflər irəli sürməsini əsas götürüb. Təşkilat həmçinin ömrünü Azərbaycan hərb sənətinin inkişafına həsr etmiş general-mayorun 50 illik yubileyini təbrik edib.
Qeyd edək ki, N.Orucov 1962-ci ildə Ucar rayonunda anadan olub. Zaqafqaziya Hərbi Dairəsində - Gürcüstanın Qori şəhərində kiçik tank komandirləri kursunu bitirib. Axalkələkdəki 13-cü qvardiya diviziyasında kiçik tank komandiri kimi müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət zamanı göstərdiyi şücaətə görə «Döyüş xidmətlərinə görə» medalı ilə təltif olunub.
Hərbi xidməti bitirdikdən sonra Xarkov Ali Hərbi Tank Komandirləri məktəbinə qəbul olunub. Sovet ordusunun Macarıstandakı hərbi birləşməsində 1 il kəşfiyyat tağımının komandiri, sonra isə müvafiq olaraq tank tağımının və bölüyünün komandiri vəzifələrində çalışıb.
Azərbaycana 1991-ci ildə gələn N.Orucov bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb. Qazax rayonunun müdafiəsində, həmçinin Füzulidə tank taborunun komandiri kimi döyüşlərdə iştirak edib.
N.Orucov 2007-2012-ci illərdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışıb.
2010-cu ilin mart ayında prezident İlham Əliyevin fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilib. 2012-ci ilin mayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinidir.
Modern.az