Modern.az

«Baltika Baku»nun pivələri istifadəyə yararsız çıxıb

«Baltika Baku»nun pivələri istifadəyə yararsız çıxıb

Təhsil

26 İyul 2012, 11:24

Azərbaycan Respublikasının Ali Məhkəməsində «Baltika Baku» MMC ilə Gürcüstanın «Kapitalpoint» MMC arasında 1 ildən artıq davam edən iqtisadi mübahisəyə baxılıb. Ali Məhkəmədən verilən məlumata görə, AM-nin İnzibati İqtisadi Kollegiyası iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2012-ci il tarixli qətnaməsindən hər iki şirkətin verdiyi kassasiya şikayətlərini təmin etməyib.

İki şirkət arasında məhkəmə çəkişməsi «Baltika Bakı» MMC-nin «Kapitalpoint» MMC-yə qarşı 1 il əvvəl Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırması ilə başlayıb.  «Baltika-Bakı» MMC 2009-2010-cu illərdə Gürcüstan bazarında satılmaq üçün «Kapitalpoint» MMC-yə pivə məhsulları göndərib.  «Baltika-Bakı»nın iddiasına görə, «Kapitalpoint» göndərilmiş pivə məhsulunun dəyərinin bir hissəsini - 152 min ABŞ dollarını istehsalçı zavoda ödəməyib.  İddia tələbi də məhz 152 min ABŞ dollarının «Kapitalpoint» MMC-dən tutularaq zavoda ödənilməsi ilə bağlı olub.  Lakin «Kapitalpoint» MMC nəinki bu iddianı qəbul edir, əksinə «Baltika Bakı»ya qarşılıqlı iddia irəli sürüb.

«Kapitalpoint» MMC-nin iddiasına görə, «Baltika-Bakı»nın istehsal edərək Gürcüstana göndərdiyi «Arsenalnoe» və «Baltika» pivə məhsullarının böyük bir hissəsi keyfiyyətsiz olduğundan istifadəyə yararsız çıxıb. Halbuki həmin dövrdə pivə məhsullarının yararlılıq müddəti bitməyib. 2010-cu ilin sentyabr-dekabr aylarında «Kapitalpoint»in və «Baltika Bakı»nın rəhbərliyi arasında keyfiyyətsiz pivə məhsulları barədə müzakirələr aparılıb. «Baltika Bakı»nın rəhbərliyi (o vaxtkı direktor A.Tlexuray) istifadəyə yararsız pivələrin satışdan çıxarılaraq Bakıya göndərilməsini xahiş edib və öhdəsinə götürüb ki, yararsız məhsula görə «Kapitalpoint»ə dəymiş zərəri ödəyəcək. «Kapitalpoint» də öz nöbəsində artıq ticarət şəbəkələrinə paylanmış istifadəyə yararsız məhsulu anbarına yığaraq bu barədə zavoda məlumat verib. «Baltika-Bakı» və «Kapitalpoint» şirkətlərinin nümayəndələrinin iştirakı ilə keyfiyyətsiz məhsulların anbarlara yığılması aktlaşdırılıb. İstifadəyə yararsız pivə məhsulunun böyük bir hissəsi isə Gürcüstanın müvafiq dövlət orqanları tərəfindən zərərsizləşdirilib.

Bu əsaslara istinad edən «Kapitalpoint» MMC qarşılıqlı iddia irəli sürərək keyfiyyətsiz məhsul satdığına görə «Baltika Bakı»dan dəymiş maddi zərər, əldən çıxmış fayda, işgüzar imicə dəymiş zərərin əvəzində 2 milyon 736 min ABŞ dolları pul tələb edib. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 may 2011-ci il tarixli qətnaməsi ilə «Baltika-Bakı»nın iddiası təmin olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin İİK-nın 24 yanvar 2012-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, hər iki iddia tələbi rədd edilib. Ali Məhkəmənin İİK-nın 25 may tarixli qərarı ilə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin qərarına görə, «Baltika Bakı»nın Gürcüstana göndərdiyi pivə məhsullarının bir hissəsi keyfiyyətsiz olduğundan, həmin məhsullar satışdan çıxarılıb və bir hissəsi zərərsizləşdirilib. Buna görə də «Kapitalpoint» zavod qarşısında borclu qalmayıb. Yararsız pivə məhsulları isə Gürcüstanda satışdan çıxarılaraq «Kapitalpoint»in anbarlarında saxlanılır.     

Modern.az
Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?