Türkiyədən Azərbaycana qeyri-qanuni yolla bir kiloqramdan artıq qızıl zinət əşyaları keçirən şəxs saxlanılıb. Modern.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Niyar Mehdiyeva gömrük nəzarətindən “yaşıl kanal”la keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və onun yüklərinə “Rapiscan-628” markalı X-Ray aparatı ilə baxış keçirilib. Həmin yüklər sırasında qadın çantasına baxış zamanı aparatın monitorunda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri əks olunmuş və çantaya təkrar gömrük baxışı keçirilibdir.
Nəticədə, çantadan vətəndaş tərəfindən nə yazılı, nə şifahi, nə də elektron formada bəyan olunan qızıl zinət əşyaları aşkar edilmişdir. İş üzrə izahatında isə vətəndaş N.Mehdiyeva qızıl zinət əşyalarını İstanbulda əldə etdiyini, satış məqsədilə Bakıya gətirdiyini və müvafiq qanunlara yaxşı bələd olmadığı üçün bəyan etmədiyini bildirib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, 585 əyarlı həmin zərgərlik məmulatlarının çəkisi 1014 qram təşkil edib.
Bütün faktlarla bağlı təhqiqat aparılır.
Modern.az