Modern.az

Ramil Usubovdan polis rəislərinə irad

Ramil Usubovdan polis rəislərinə irad

31 İyul 2012, 17:23

İyulun 31-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Modern.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu, ölkə həyatının bütün sahələrində əldə olunmuş irəliləyişlər qanunla müəyyən edilmiş funksiyaların 2012-ci ilin 6 ayında da layiqincə yerinə yetirilməsini şərtləndirib.

Nazir bildirib ki, cinayətlərin qarşısının alınması və açılması, ictimai asayişin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri inkişaf etdirilib,  insan hüquq və azadlıqlarının qorunması işi daha da yaxşılaşmış, kriminogen durum nəzarətdə saxlanılıb.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov geniş məruzə ilə çıxış edərək qeyd edib ki, polis-vətəndaş münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində görülmüş işlər, elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən, statistik, axtarış, kriminalistik və digər uçotlardan geniş istifadə edilməsi profilaktiki işin səmərəsini xeyli artırıb.

Hesabat dövründə qarşıda duran başlıca vəzifələrdən biri  cinayət və hadisələr barədə məlumatlara operativ və məqsədyönlü reaksiya verilməsi olmaqla, vətəndaşların polis orqanlarının növbətçi hissələrinə etdikləri 77.000 müraciət üzrə qanuni tədbirlər görülüb, «102» xidməti tərəfindən məişət zəminində baş vermiş 4000 hüquqazidd əməlin qarşısı alınıb, 7 mindən çox vətəndaşa hüquqi yardım göstərilməsi təmin edilibdir. «Təhlükəsiz Şəhər» sisteminin imkanlarından daha səmərəli istifadə edilmiş və aşkarlanmış hadisələrin sayı ötən ilin 6 ayı ilə müqayisədə 1,5 dəfə yaxud 1264 fakt çox olub. Nəticədə 3473 yol-nəqliyyat hadisəsi, 258 ictimai asayişin pozulması, 79 avtoxuliqanlıq, 41 yanğın, axtarışda olan 61 avtomobil və s. müəyyən edilib, 28 cinayətin üstü açılıb. Qanunsuz saxlanılan 582 odlu silah, 26 mindən çox sursat götürülübdür.

Hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər 1,5 faiz, onların strukturunda qəsdən adam öldürmə və ona cəhdlər 3,8 faiz, odlu silahın tətbiqilə törədilənlər 15,9 faiz, quldurluqlar 33,3 faiz, soyğunçuluqlar 3,5 faiz, oğurluqlar 18,4 faiz, cibgirliklər 28 faiz, yol-nəqliyyat hadisələri 6,3 faiz azalıb. Həmçinin yetkinlik yaşına çatmayanların hüquqazidd əməlləri 7,2 faiz, qrup halında baş verən cinayətlər 5,8 faiz, o cümlədən əvvəllər məhkum olunmuşlardan ibarət qrupların törətdiyi cinayətlər 25,3 faiz az olub.

Nazir müavini vurğulayıb ki, bütün uçot subyektləri üzrə 11.953 cinayət qeydə alınmış və onların 95 faizi (11.343-ü) daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Təsnifatına görə həmin cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Cinayətlərin açılması 3,8 faiz yaxşılaşaraq 87,2 faizə yüksəlib, açılmış cinayətlərin sayı 10 faiz  və ya 861 fakt çox olub. Bununla yanaşı, ağır və xüsusilə ağır cinayətlərin açılması 7,5 faiz, qəsdən adam öldürmələrin açılması 8,9 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 12,5 faiz, quldurluqların açılması 4,9 faiz, soyğunçuluqların açılması 8,1 faiz, oğurluqların, o cümlədən cibgirliklərin açılması müvafiq olaraq 10,2 və 14,3 faiz, bütövlükdə mülkiyyət əleyhinə cinayətlərin açılması 10,5 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 212, habelə əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində «isti izlərlə» 487, elmi-texniki vasitələrlə 1796 cinayət açılıb. Bu işdə vətəndaşlarımızın da rolu böyük olmuş və onlar 2000-dən çox cinayətin açılmasında yaxından iştirak edib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1030 nəfəri birləşdirən 396 cinayətkar qrup, eləcə də 49 nəfərdən ibarət 9 mütəşəkkil dəstə zərərsizləşdirilib, qanunsuz odlu silah saxladığına və daşıdığına görə 55 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərin axtarışında da müsbət təmayül qeydə alınmış və bu işin göstəricisi 2,8 faiz yaxşılaşaraq hesabat dövründə 51,2 faiz təşkil edib. Yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 47 təqsirləndirilən şəxs tutulmuş, İnterpolun  Milli Mərkəzi Bürosu tərəfindən 48 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyənləşdirilib.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə görülən işlər də davamlı olub. Qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılmış, 63 nəfərdən ibarət 26 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, 27 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıbdır. “Xaş-xaş” əməliyyat-profilaktik tədbirləri çərçivəsində ümumi çəkisi 236 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında həyata keçirilən tədbirlərlə 65 (+2) fakt aşkarlanıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu növ hüquqazidd əməllərin qurbanı olan 35 şəxs müəyyən olunaraq cəmiyyətə reinteqrasiyası təmin edilibdir.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 7 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanmış və qeyri-leqal dövriyyədən ümumi məbləği 22 min manat təşkil edən 2167 ədəd əskinas çıxarılıb.

Bildirilib ki, müstəntiqlər tərəfindən ötən ilin 6 ayı ilə müqayisədə 0,7 faiz çox, yəni 11.497 cinayət işinin istintaqı aparılmış, onlardan 42,5 faizi ittiham aktı ilə məhkəmələrə göndərilib.

Ümumilikdə yol hərəkətinə nəzarət prosesində 10,2 faiz çox və ya 450 minə yaxın qayda pozuntusu müəyyən edilmiş, 1013 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə 299 nəfər, şüşələrinə pərdə və plyonka çəkmiş 4530 sürücü barəsində qanunauyğun ölçülər götürülüb.

Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, qarşıya qoyulmuş məsul tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi qeyd olunubdur.

Polis general-leytenantı Vilayət Eyvazov müraciətlərə baxılması və vətəndaşların qəbulu üzrə fəaliyyətin də məqsədyönlü şəkildə davam etdirildiyini, hesabat dövründə  17.544, o cümlədən elektron poçt ünvanına daxil olmuş 3550 ərizə və şikayətin araşdırıldığını, bütün müraciətlər üzrə təşəbbüskarların yazılı məlumatlandırıldığını, hüquqlarının izah olunduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 1500-dən çox vətəndaş qəbul edilib və qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıbdır.

Daha sonra bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci ildə imzaladığı Fərmana uyğun olaraq əhaliyə göstərilən 25 elektron xidmət dövlət qeydiyyatına alınmış, 478 əməkdaşa elektron imza sertifikatı verilib, Nazirlik, Elektron Hökumət Dövlət İnformasiya Sisteminə (EHİDS) qoşulubdur. Hazırda hər bir elektron xidmətin Hüquqi aktların dövlət reyestrinə daxil edilməsi üzrə iş aparılır.

İclasa yekun vuran general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının hesabat dövründəki fəaliyyətinin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsanların qaldığını nəzərə çatdırıb.

O, ərazi polis orqanlarının rəislərindən qanunçuluğun daha da möhkəmləndirilməsini, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin davamlı və məqsədyönlü aparılmasını, gənc əməkdaşların işlədiyi sahənin bacarıqlı mütəxəssisləri kimi yetişmələri üçün lazımi şəraitin yaradılmasını, onlara diqqətin artırılmasını tələb edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?