Bu gün London Olimpiadasında Azərbaycanın xanım atleti Layeş Abdullayeva mübarizəyə qoşulub. Modern.az-ın məlumatına görə, təmsilçimiz 5000 metr məsafəyə qaçış yarışlarında iştirak edib. 2-ci qrupda mübarizə aparan Layeş 5000 metr məsafəni 15:45.69 saniyəyə qət etməklə, 18 idmançı arasında 17-ci olub. Abdullayeva bu nəticə ilə 32-ci yeri tutub. Bununlada xanım təmsilçimiz olimpiadadakı çıxışını başa vurub.
Bundan başqa, bu gün ilk dəfə Azərbaycan kanoeçiləri London Yay Olimpiya oyunlarında mübarizəyə start verib. 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlı-Maksim Prokopenko ölkəmizin idman şərəfini qoruyublar. Təsnifat mərhələsində iki qrupda mübarizə gedib. Təmsilçilərimiz Anqola, Kuba, Rumıniya, Belarus və Braziliyadan olan cütlüklərlə birlikdə 2-ci qrupda mübarizə aparıblar. Qruplarda ilk iki yeri tutan cütlüklər birbaşa finala yüksəlirdi. Sergey Bezuqlı-Maksim Prokopenko cütlüyü 3 dəqiqə 37 saniyəlik nəticə göstərərək yarışı qalib kimi başa vurublar. Bununlada kanoeçilərimiz həlledici mərhələyə vəsiqə qazanıblar.
Avqustun 9-da yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar, final yürüşündə iştirak edəcəklər.
Modern.az