Modern.az

Nazir aqrar sahənin proqnozlarını, problemlərini açıqladı

Nazir aqrar sahənin proqnozlarını, problemlərini açıqladı

7 Avqust 2012, 19:55

“Azərbaycan tezliklə taxıl istehsalını 3,5 milyon tona çatdıracaq”

Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və hüquqi şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclasının gündəliyinə müxtəlif məsələlər salınıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyində keçirilən iclasda nazir İsmət Abbasov bildirib. İclasın nəticələrinə görə, ümumilikdə 1 mln. 418 min 528 hektar əkin sahəsi üzrə fermerlərə 56 mln.  441 min 139 manat subsidiya verilməsi qərara alınıb. Nazirin sözlərinə görə, bu, ötən il verilən məbləğdən 7,5% artıqdır:

“Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi həmin maliyyənin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edəcək ki, bu vəsaitlər “Kapital Bank”a ayrılsın və fermerlər öz plastik kartları vasitəsilə bu pulları əldə edə bilsinlər”.

Komissiyanın iclasında güzəştli şərtlərlə gübrələrin satışı məsələsinə də baxılıb. Gübrələrin ümumi həcmi 11 878 425 ton, bunun üçün ayrılacaq vəsait isə 2 284 252 manat təşkil edib. Fermerlər subsidiyaları artıq avqustun sonu, sentyabrın əvvəlindən ala biləcəklər.
Fermerlərə gübrələrin güzəştlə satışına görə, dövlət büdcəsindən 2 mln. 284 min 252 manat vəsait ayrılacağını deyən nazirin sözlərinə görə, ümumi satılan gübrələrin miqdarı 11 min 878 ton 425 kq təşkil edib:

“Gübrələrin güzəştlə satışı “Aqrolizinq”MMC, “Mikro AZFeed”MMC, “Aqronur” MMC və “Sərxan-2”MMC tərəfindən həyata keçirilib. Sözügedən vəsait gübrələrin güzəştlə satışı həyata keçirən qurumlara köçürüləcək”.

Nazir onu da bildirib ki, fermerlər Nazirlər Kabinetinin 15 fevral 2007-ci il qərarı ilə sentyabrın əvvəllərinə kimi, dövlətin ayıracağı subsidiyaları əldə edə biləcəklər. “Ümumilikdə mövcud olan əkin sahələri ayrılan vəsait ötən il istifadə olunan vəsaitdən 3 milyon 964 min 845 manat çoxdur”.  

Daha sonra nazir bildirib ki, aqrar sektorun inkişafı üçün görülən tədbirlər, o cümlədən kənd təsərrüfatı istehsalçılarının subsidiyalar və güzəştlərin verilməsi, “Aqrolizinq” vasitəsilə gətirilən texnika və avadanlıqların gətirilməsi, KTN yanında Dövlət Kredit Agentliyi, eləcə də İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlər öz müsbət effektini verir və nəticədə aqrar sektorda iqtisadi artım 10,4% təşkil edib.

İ.Abasov qeyd edib ki, bu tədbirlərin nəticəsidir ki, iqlim dəyişikliyinə görə, qonşu ölkələrdə məhsul qıtlığı yarandığı halda Azərbaycanda istehsal artıb:

“Əhali bunu kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsi ilə hiss edib. Növbəti illərdə görüləcək işlər isə ölkənin ərzaq təhlükəsizliyini təmin etməyə, artıq məhsulu isə ənənəvi və yeni xarici bazarlara çıxarmağa imkan verəcək”. 

Nazir onu da bildirib ki, ölkədə payızlıq və yazlıq dənli və dənli paxlalıların biçim sahəsi 995 min 888 hektar təşkil edib. Bu sahənin 984 min 343 hektarı artıq biçilib. Ötən ilə nisbətən biçiləcək sahə 6,7%, artıq biçilmiş sahə isə 6,3% artıb. Hesabat dövründə biçilmiş sahədə 2 mln 594 min  206 ton dənli və dənli paxlalılar (qarğıdalısız) istehsal olunub ki, bu da ötən ilə nisbətən 13,4% çoxdur. Məhsuldarlıq 26,4 sentner/ha olub, bu isə ötən ildəkindən 6,9% çoxdur.
Eyni zamanda, 2012-ci ildə buğda istehsalı üçün biçiləcək sahə 687 982 ha təşkil edib ki, ondan 682 629 ha artıq biçilib. Ötən ilə nisbətən biçiləcək sahə 5,2%, artıq biçilmiş sahə isə 2,6% artıb. Biçilmiş sahədən 1 835 037 ton buğda istehsal olunub, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

Məhsuldarlıq 26,9 sentner/ha-ya bərabər olub ki, bu da ötən ilə nisbətən 7,2% çoxdur. 

Nazir onu da bildirib ki, Azərbaycanda taxıl istehsalı proqnozları xeyli üstələyib. Onun sözlərinə görə, bu il 2,7 ton taxıl (dənli və dənli paxlalılar) istehsal olunacağı proqnozlaşdırıldığı halda, yığılan məhsul bundan da artıq olacaq. Bundan başqa, bu il 1,7 mln. ton ərzaq buğdası yığılması gözlənilsə də, faktiki yığılan məhsul 1,835 mln. ton təşkil edib:

“Sevindirici hal bundan ibarətdir ki, bu il məhsuldarlıq da artıb və bu il hər hektardan 1,6 sentner artıq məhsul əldə etmişik”. 

İ. Abbasov onu da vurğulayıb ki,  hava şəraiti pis olmasaydı, məhsul istehsalı bundan da artıq ola bilərdi:

“Biz bu il 3,5 mln ton taxıl əldə edə bilərdik, amma özünüzün də şahidi olduğunuz kimi, məhsul yığımı vaxtı, xüsusilə də iyun ayında hava şəraitinin qeyri-sabit keçməsi, güclü yağışların yağması biçin prosesinə mənfi təsir göstərib”.
Onun sözlərinə görə, ölkənin kənd təsərrüfatı sektorunun potensialı ölkədə ümumi taxıl istehsalını 3,5 mln tona çatdırmağa imkan verir:

“Bunu nail ola bilsək, digər dövlətlərdən idxala ehtiyacımız qalmayacaq. Bunun üçün bütün tədbirlər görülür”. 
Nazir deyib ki, artıq dövlət başçısının tapşırığı ilə iri fermer təsərrüfatlarının yaradılmasına başlanılıb. Bu məqsədlə artıq 4 800 ha torpaq sahəsi ayrılıb:

“Digər tərəfdən Azərbaycan özünü toxumla tam təmin edir və fermerlər gübrədən istifadə etməli və aqrotexniki tədbirlər görməlidirlər ki, normal məhsul yığa bilsinlər. Belə olarsa, yaxın vaxtlarda 3,5 mln. tonluq məhsul yığımına nail ola bilərik”.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi