Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin dəstəyi ilə həyata keçirilən “Gülən Gürcüstan” layihəsi avqustun 13-dən start götürüb. Stomatoloji kabinetlərlə təchiz olunmuş hərəkət edən ambulatoriyalar hazırda Quriya vilayətindədir.
Bu kampaniyada yerli əhali heç bir maddi vəsait ödəmədən, pulsuz müayinə və müalicə olunur. Layihə aztəminatlı, 50 yaşından yuxarı olanlara stomotoloji yardımı nəzərdə tutur.
“Gülən Gürcüstan” layihəsi haqda Saakaşvili hələ bir il əvvəl bəhs etmişdi. Prezident bildirmişdi ki, 2012-ci ilin axırına kimi bu layihə çərçivəsində bütün yaşlılar dişlə təmin olacaqlar.
“Bütün xəstə dişlərə plomb qoyacağıq, təmizləyəcəyik ki, hamı yaxşı əhval-ruhiyyədə olsun və gülsün. Heç kim dişi olmadığına görə ağzını açmağa çəkinməməlidir”,-deyə prezident bildirib.
Aygün ASİFQIZI