Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi açıqlama verməyə hazırlaşır
Türkiyənin tanınmış nəşrlərindən olan "Hürriyet" qəzetinin dünənki və bu günkü saylarında köşə yazarı Fatih Çekirgenin qələmə aldığı yazılarda bir azərbaycanlı bir məmurdan bəhs olunub.
"Mənim kim olduğumu bilirsənmi" başlıqlı dünənki yazıda adı açıqlanmayan, ancaq barəsində söz edilən azərbaycanlı məmurun İspaniyaya uçan təyyarədə dava saldığı bildirilib. Qeyd olunub ki, Barselonaya uçan təyyarədə azərbaycanlı məmur bir yaxın adamının təyyarənini biznes-klass adlanan sektorunda əyləşdirilməsi üçün ekipaj rəhbərliyinə təzyiq göstərib, səsini qaldırıb, onları işdən atdıra biləcəyilə hədələyib.
"Bu da həmin o mühüm adam" başlıqlı bugünkü yazıda Fatih Çekirge azərbaycanlı məmurun adını da açıqlayıb. Müəllif qeyd edib ki, Barselonaya uçan təyyarədə problem yaradan, stüardessanı işdən qovdurmaqla hədələyən həmin o qalmaqallı məmur Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov olub.
Modern.az saytı qalmaqallı yazıda adı çəkilən şəxsin – Mikayıl Cabbarovun özü ilə əlaqə saxlamağa çalışıb. Amma əməkdaşımıza “İçərişəhər”in rəisi ilə danışmaq mümkün olmayıb.
Bu məsələ ilə bağlı “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri Modern.az saytına açıqlamasında bildirib ki, gün ərzində Mikayıl Cabbarov özünün açıqlaması olacaq.
“Özüm bu barədə danışmaq istəməzdim. Amma məlum məsələ ilə bağlı Mikayıl Cabbarovun münasibətini biz özümüz mətbuata yayacayıq”-deyə Rahib Azəri saytımıza bildirib.
Anar Kəlbiyev