Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev avqustun 14-də ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüşdə Azərbaycanla ABŞ-ın strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıran müdafiə naziri Silahlı Qüvvələrimizlə Oklahoma Ştatı Milli Qvardiyası arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümünə kimi diqqətə çatdırıb.
Regiondakı mövcud hərbi-siyasi vəziyyətlə qonağı tanış edən Əbiyev vurğulayıb ki, Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir:
"20 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını dinc şəkildə geri qaytarmaq istəməyən bu işğalçı ölkə yeni müharibəni günbəgün yaxınlaşdırır".
Müdafiə naziri bildirib ki, vasitəçi rolunu oynayan Minsk qrupunun fəaliyyəti də indiyədək konkret heç bir nəticə verməyib. Nazirin sözlərinə görə, belə vəziyyətdə Azərbaycanın öz ordusunu gücləndirərək işğal altında olan torpaqlarını azad etməkdən başqa yolu qalmır.
Modern.az