Modern.az

Bağırsaq xəstəliyi - ÖZÜNÜZÜ QORUYUN

Bağırsaq xəstəliyi - ÖZÜNÜZÜ QORUYUN

15 Avqust 2012, 10:14

Bu xəstəliyə başqa sözlə virus diareyası və ya epidemik virus qastroenteriti də demək olar. Virus diareyası kəskin infeksion xəstəlik olub, müxtəlif viruslar tərəfindən törədilir. Adətən uşaqlarda mədə bağırsaq pozğunluğu ilə yanaşı olaraq yuxarı tənəffüs yollarının iltihabı ilə özünü göstərir. Müasir dövrdə iki yaşa qədər uşaqlar arasında bütün il boyu baş verən qastroenteritlərin 50 faizini Rotaviruslar törədir.

Xəstəliyin törədicisi Reoviridae ailəsindən olan reovirus yarım qrupuna aid Rotavirusdur. Xarici görünüşünə görə virus təkərə oxşadığından latınca rota – təkər adlandırılır. Xəstəliyin mənbəyi olan Rotavirus infeksiyası yüksək dərəcədə kontagioz xəstəlik olub əsasən fekal-oral yolla, Bəzən isə hava-damcı və məişət-təmas yolu ilə yayılır. Bu infeksiyanı “çirkli əllər xəstəliyi” də adlandırmaq olar.

Xəstəliyin atipik və silinmiş formalarına yoluxanlar epidemioloji cəhətdən xüsusilə təhlükəlidirlər. Çünki belə formalarda xəstəlik kollektivdə tez yayılır. Rotavirus infeksiyasının su və ərzaq epidemiyaları ilin soyuq ayları – əsasən qış və bahar aylarında baş verir. Lakin sporadik xəstələnmə bütün il boyu təsadüf edilə bilir. Rotavirus infeksiyalı xəstə müalicə olunan xəstəxanalarda tibb işçiləri şəxsi gigiyena qaydalarına riayətetmədikdə bu xəstəliyə asanlıqla yoluxa bilərlər. Rotaviruslar əsas etibarı ilə onikibarmaq bağırsağın və nazik bağırsağın yuxarı şöbəsinin epitel hüceyrələrini zədələyir. Nəticədə həmin hüceyrələr xovlardan ayrılır və məhv olur. Bununla əlaqədar olaraq bağırsaqda osmotik aktivliyə malik laktoza, maltoza, saxaroza və s. kimi disaxaridlər toplanır və nəticədə toxumalardan, hüceyrələrdən çoxlu su və elektrolitlər çıxır. Parçalanmamış disaxaridlər yoğun bağırsağa keçir və orada bakterial hidroliz nəticəsində üzvi turşular, əsasən süd və sirkə turşuları kimi müxtəlif metobolitlərin əmələ gəlməsinə səbəb olur. Suyun bir hissəsi geri sorulsa da, əsas hissəsi yoğun bağırsaqda qalıb nəcisi durulaşdırır. Metobolizm məhsulları isə qana sorularaq orqanizmə toksiki təsir göstərir. Buna görə də birincili ferment çatışmazlığı olan şəxslərdə Rotavirus infeksiyası çoxlu zülal itkisinə səbəb olur. Buna görə də belə şəxslərdə xəstəlik uzun sürür.

Bakterial infeksiyalardan fərqli olaraq Rotavirus infeksiyasında bağırsağın selikli qişasında sekresiya güclənmir. Beləliklə, enterositlərdə ferment çatışmazlığı bağırsağın əsas funksiyalarını – həzm və sorulmanı pozur. Eyni zamanda bu xəstəlik zamanı bağırsaqdankənar dəyişikliklər – faringit, tonzillit, otit, dəri, qaraciyər və tənəffüs sisteminin zədələnməsi də müşahidə olunur. Rotavirus infeksiyasında mezenterial limfa vəzilərinin reaktiv dəyişiklikləri, qaraciyər absesi, ağciyərlərin spesifik zədələnmələri də aşkar edilir. Xəstəliyin əsas təzahürlərinə qastroenterit və intoksikasiya sindromları aiddir. Əksər hallarda xəstəlik kəskin başlayır. Bu zaman xəstələr kefsizlikdən, iştahasızlıqdan, baş ağrısı, üşütmə, səhərlər ac qarına ürəkbulanma və qusmadan şikayət edirlər. Bundan başqa yüngül kataral əlamətlər, burunun tutulması, boğazda hiperemiya, yüngül öskürək də müşahidə etmək olar. Rotavirus infeksiyası bir qayda olaraq qastroenterit əlamətləri ilə başlayır. Gün ərzində defekasiya aktı 5-7 və yaxud da 10-15 dəfə təkrar olunur. Nəcis enterik xarakter alır – su kimi duru, pis iyli və köpüklü olur. Bəzən yaşılımtıl, ya da sarı-yaşılı rəng alır. Nəcisdə patoloji qarışıqlardan selik, qan, irin çox nadir  hallarda rast gəlinir. Bəzi hallarda cüzi miqdarda selik olur. Qusma 1 gün, ishal isə 3-5 gün çəkə bilər. İmmuniteti zəif olan, xüsusilə də KRX-lə tez-tez xəstələnənlər, çoxlu antibiotik qəbul edənlər və bağırsaq disbakteriozu  olan uşaqlarda xəstəlik ağır keçir. Xəstəliyin 80 faizində ishalla yanaşı qarında ağrı da müəyyən edilir. Ağrı qarının yuxarı hissəsində  müşahidə olunur, bəzən diffuz xarakter dayışır, tutmaşəkilli olur, uşaqlarda kəskin başlayır. Xəstəliyin başlanğıc dövründə intoksikasiya simptomları qeyd edilir. Bunlardan ən kəskin nəzərə çarpanı zəiflikdir. Qızdırma normal və ya subfebril ola bilər.

Nadir hallarda temperatur 38-39C-ə çatır, lakin 1-2 gündən çox çəkmir. Bəzi qızdırmasız xəstələrdə belə üşütmə, hətta titrətməyə rast gəlinir. Xəstəliyin diaqnozu üçün ən vacib əlamət qastroenteritlə yanaşı yuxarı tənəffüs yollarının zədələnməsidir. Xəstələrin 60 faizində yumşaq damağın, əsnək qövslərinin, dilçəyin, udlağın arxa divarının hiperemiyası və dənəvərliliyi müəyyən edilir. Kliniki olaraq xəstələrdə rinit, rinofaringit və faringit əlamətləri tapılır. Uşaqlarda qulaq, boğaz əlmətləri və ağırlaşmalarına daha çox rast gəlinir. Çoxlu maye itirmiş xəstələrin selikli qişaları quruyur, dil ərplə örtülür, qarın yumşaq olur, palpasiyada göbək ətrafında ağrılar müşahidə olunur, qaraciyər və dalaq əllənmir. Rotaviruslu xəstələrdə hemoqramma 70 faiz xəstəliyin dövründən asılıdır. Belə ki, ilk günlər leykositoz və neytrofilez (neytrofiliya), sonra isə leykopeniya, nisbi limfomonositoz, bəzən isə eozinofiliya baş verir. Ağır hallarda qanda sidik cövhərinin artması – oliqoanuriya rast gəlinir.

Rotavirus infeksiyası əksər xəstələrdə yüngül və orta ağır formalarda inkişaf edir və 5-7 gün ərzində sağalma ilə qurtarır. Xəstəliyin ağırlığı eksikoz əlamətləri, ürək-damar əlamətləri, mərkəzi sinir sistemi və böyrəklər tərəfindən olan dəyişikliklərə görə müəyyən edilir.

Kliniki-epidemioloji xüsusiyyətinə görə rotavirus infeksiyasına oxşayan, lakin ondan bəzi fərqləri olan digər virus diareyalarına da rast gəlinir. Bu xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası eynidir. Yadda saxlamaq lazımdır ki, kliniki mənzərədə əsas yeri qastroenterit sindromu yəni, ürəkbulanma, qusma və ishal tutur. Virus diareyalarının diaqnozu xəstəliyin klinik mənzərəsinə, epidemioloji məlumatlara və virusoloji müayinəyə əsaslanır.

Klinik diaqnostikada virus diareyasını qida toksikoinfeksiyası ilə, kəskin bağırsaq xəstəlikləri – dizenteriya, salmonellyoz, eşerixioz və s. ilə differensiasiya etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, bəzən kəskin bağırsaq infeksiyaları ilə virus diareyaları birlikdə gedə bilər.

Laborator müayinə üsullarından əsasən virusoloji və seroloji metodlar istifadə edilir. Virusun və ya virus antigeninin nəcisdə elektron mikroskopiyası yolu ilə və immunoelektroforezlə tapılması, toxuma kulturasında, əsnəyin yuyuntusunda və nəcisi əkməklə virusun əldə edilməsi, seroloji reaksiyalardan – aqarda diffuz presipitasiya reaksiyası “ADPR”, lateks-aqqlütinasiya reaksiyası “LAR”, komplementin birləşmə reaksiyası “KBR”, virusun neytralizasiya reaksiyası “VNR”, hemaqqlütinasiya reaksiyasının “HATR” və s. köməyi ilə qanda virus əleyhinə antitellərin tapılması və xəstəlik müddətində onların titrinin artması diaqnozu təsdiq edir. Bunlardan “LAR” ən sadəsi olub ekspres müayinə üsuludur.

Virus diareyasında profilaktika başqa infeksiyalarda olduğu kimidir. Əsasən, su və ərzaq təchizatı üzərində ciddi nəzarət, şəxsi gigiyena qaydalarına əməl olunma (əllərin sabunla yuyulması, qaynadılmış sudan istifadə edilməsi) və s. aiddir. Əlavə olaraq xəstəliyin hava-damcı yolu ilə yayılmasına qarşı da mübarizə aparılmalıdır.

Müalicəsində əsasən patogenetik və simptomatik müalicə tədbirləri tətbiq edilir,  xəstələrə 1-2 günlük yataq rejimi və xüsusi pəhriz təyin olunur. Mədə-bağırsağın funksiyasını tənzim etmək üçün ferment preparatları təyin edilir. Xəstəliyin kəskin dövründə absorbsiya edən və büzücü təsirə malik dərmanlar da məsləhət görülür. Yanaşı bakterial infeksiya və ağırlaşma olmadıqda antibiotik təyin edilmir. Bir sıra dərman bitkilərindən aptek çobanyastığı çiçəyi, adi palıd qabığı, dərman adaçayı yarpağı (sürvə), istiotlu nanə yarpağı, qara zirənin toxumlarının dəmləməsindən istifadə etmək məqsədəuyğundur. Bu bitkilərin dəmləmələrini müalicəvi dozada təyin etdikdə büzücü, iltihab əleyhinə, spazmolitik və ağrıkəsici effekt almaq olar. Eyni zamanda bu bitkilərin dəmləmələrini müalicəvi dozada təyin etdikdə güclü bakterisid (mikrob əleyhinə) təsir də göstərir.

 

Azər SALEHLİ

Azərbaycan Tibb Universitetinin tələbəsi

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU