Bir qrup jurnalist tərəfindən KİV əməkdaşlarının istirahəti və əyləncəsinin təşkili məqsədilə yaradılan “Mətbuat qeyri-rəsmi” qrupu öz ənənəsini davam etdirir. Qrupun təşkilat komitəsinin üzvü, “Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun verdiyi məlumata görə, paytaxtın bu istisindən kənarlaşıb dincəlmək üçün sentiyabrın 1 və 2-də jurnalistlərin Göygöl rayonunun Toğana kəndinə son yay səfərini təşkil edəcəklər.
Səfərin təşkilat komitəsinə M.Aslanovla yanaşı, Murad Əliyev ("Trend"),Yelena Sidorenko (“Xəzər” TV) və Səma Abıyeva (“Yurd” TV) daxildir. Məhz bu jurnalistlər tərəfindən təşəbbüs irəli sürülərək, Facebook sosial şəbəkəsində “Mətbuat qeyri-rəsmi” qrupu yaradılıb.
Göygöl s əfərinə “Xəzər” TV, “Lider” TV, ATV, ANS, “Yurd” TV, AzTV, “İnteraz” TV, “Səs” TV, MuzTV-nin, “Araz” radiosunun, “Trend”, “Azadinform”, “Salamnews” agentliklərinin, Modern.az saytının nümayəndələri qatılacaq. Bundan başqa müstəqili yazarlar və jurnalistlər də müraciət ediblər. Avtobusla təşkil olunacaq bir sutkalıq səyahətə jurnalistlər cəmi 25 manat pul xərcləyəcəklər. Yalnız tədbirlərdə və yaxud hansısa qurumun təşkil etdiyi səfərlərdə bir-biri ilə görüşən həmkarlar artıq özləri öz istirahətlərinin təşkilatçısı olmağı bu formada ənənəyə çeviriblər:
“İyulun 29-da İsmayıllıya təşkil etdiyimiz bir günlük səfər həmkarlarımız arasında rəğbətlə qarşılandı və ona görə də bu isti yay günlərində mövsümün son səfərini Toğanaya təşkil etmək qərarına gəldik. Jurnalistlərimizin əksəriyyətinin Facebook sosial şəbəkəsində fəallıq göstərməsi bu kimi tədbirlərin təşkilatçılığını asanlaşdırır. Onu da qeyd edək ki, bu cür səfərlər müvafiq olaraq qarşıdan gələn digər mövsümlərdə də davam etdiriləcək. Məqsəd gərgin iş rejimindən vaxt tapıb həmkarlarımızla birgə istirahət etməkdir”.
M.Aslanov deyib ki, jurnalistləri müxtəlif viktorinalar, əyləncəli oyunlar və səfər proqramına aid maraqlı gün gözləyir: “Proqrama uyğun olaraq sentiyabrın 1-i, yəni şənbə günü əksər həmkarlarımızın iş günü olduğu üçün axşam 18:00-da avtobus Bakıdan yola çıxacaq. Jurnalistlərin gecələməsi üçün kənddə əvvəlcədən qızlar üçün ayrı, oğlanlar üçün isə ayrı xüsusi evlər tutulub. Növbəti günün ikinci yarısı isə səfər yekunlaşacaq və Bakıya qayıdış olacaq”.
Əlavə qoşulmaq istəyənlərin müraciəti də qəbul ediləcək ...
Modern.az