Türkiyənin ən böyük təhsil resurslarından biri olan Mezun.com saytı və Azərbaycanın təhsil portalı olan Telebe.az arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycan tələbələrinin sosial şəbəkəsi yaradılıb.
Modern.az xəbər verir ki, bu gündən istifadəyə verilən şəbəkə vasitəsi ilə tələbələr xarici universitetlər barədə informasiyalar, təhsil xəbərləri və digər faydalı məlumatlar əldə edə biləcəklər. Qeyd edək ki, şəbəkə artıq dünyanın bir neçə ölkəsində aktiv fəaliyyət göstərir. İstifadəçilər birbaşa olaraq xaricdə təhsil alan azərbaycanlılarla təmas yaradıb onlardan həmin ölkədəki təhsil və oxuduqları universitet barədə məlumat əldə edə biləcəklər. Qeyd edək ki, ilkin olaraq şəbəkə Türkiyədə təhsil üçün aktivləşdirilib. Amma yaxın gələcəkdə digər ölkələr də əlavə ediləcək. Şəbəkəyə qoşulmaq üçün tələbə ya birbaşa qeydiyyatdan keçə vəya Facebook hesabından istifadə edə bilər. İstifadəçi saytda öz profilini yarada, məlumatları, foto və videoları paylaşa bilər. Şəbəkə ortaq linkdə //telebe.az.mezun.com –da yerləşdirilib. İlkin olaraq saytın 70%-i Azərbaycan dilinə tərcümə edilib. Saytın təkmilləşdirilməsi ilə bağlı işlər davam edir. Onu da qeyd edək ki, sayt vasitəsi ilə xaricdə təhsil alan gənclərə 300 dollar məbləğində birdəfəlik təqaüd də veriləcək.