Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qax, Zaqatala, Şəki və Balakən rayonlarında baş verən zəlzələ ilə bağlı insanlara humanitar yardımlar göndərib. Təşkilatdan Modern.az-a verilən məlumata görə, bu məqsədlə Zaqatala və Qax rayonlarında zəlzələnin nəticələrinin qiymətləndirilməsi işi aparılıb və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə yardıma ən çox ehtiyacı olan kəndlər və ailələr müəyyənləşdirilib. Bu işlərin davamı olaraq, Cəmiyyətimiz tərəfindən Zaqatala və Qax rayonlarına, ümumilikdə 700 ailəyə ərzaq yardımı, məişət ləvazimatlarından (gigiyenik dəst, dəsmal, mətbəx dəsti, ədyal, döşək, rezin çəkmə, səyyar gaz plitəsı və su kanistrləri) ibarət humanitar yardım göstərilib.
Humanitar yardımlar Zaqatala və Qax rayonlarının aşağıda adıçəkilən kəndlərində paylanılıb.
Bildirilib ki, Zaqatala rayonunda Çobankol kəndi-38 ailəyə (218 nəfər), Qımır kəndi-98 ailə (535 nəfər) , Bazar Kəndi -79 ailəyə (389 nəfər ), Zəyəm kəndi-174 ailəyə (943 nəfər), Gözbarax kəndi-61 ailəyə (271 nəfər) yardım göstərilib.
Qax rayonunda Güllük kəndi-191 ailəyə (856 nəfər),Zərnə kəndi-44 ailəyə (192 nəfər), Ləkit kəndi-4 ailəyə (14 nəfər), Ləkit Kötüklü kəndi -9 ailə (46 nəfər)və Qum kəndi -2 ailə (9 nəfərə) humanitar yardım edilib.
Qeyd edək ki göstərilən bu yardımlar Beynəlxalg Qızıl Xaç Və Qızıl Aypara Federasiyasının maddi dəstəyilə keçirilib.
Anar RÜSTƏMOV