Modern.az saytı bir müddət öncə xəbər vermişdi ki, Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev haqqında yeni bədii filmin çəkilişlərinə başlanılıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, həmin film nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında hazırlanır.
Heydər Əliyevin həyatından bəhs edən "Ən sadə soyad" adlı bədii filmin çəkilişlərinə başlanılıb.
Bu ilin iyul ayının ortalarından başlanan çəkilişlər Naxçıvan, Moskva, Sankt Peterburq və Riqa şəhərlərində aparılmaqla yarım il davam edəcək.
Məlumatda bildirilir ki, üç hissədən ibarət olacaq filmin Heydər Əliyevin anadan olmasından 1969-cu ilə qədər olan həyatını əhatə edən birinci hissəsinin çəkilişləri 2013-cü ilin may ayında (Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində) başa çatacaq.
Filmdə Rusiyadan Konstantin Qluşko, Aleksand Andreenko, Emmanuil Vitorqan və Yuri Stoyanov kimi aktyorların iştirakı nəzərdə tutulur.
Ümumilikdə Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan olan kinematoqrafçıların rol alacağı ekran əsərində Heydər Əliyev rolunu 5 aktyor canlandıracaq ki, onlar qəhrəmanın həyatının dövlərindən asılı olaraq bir-birini əvəz edəcəklər. H.Əliyevin yaşlı rolunu aktyor Aleksadr Nikitin ifa edəcək.
Ssenarisi millət vəkili Elmira Axundovanın "Heydər Əliyev" , "Şəxsiyyət və epoxa" kitabları əsasında yazılan filmin rejissoru Ramiz Fətəliyevdir.
Yeni bədii filmdə Heydər Əliyev obrazını yaradacaq Aleksandr Nikitin
Sevinc İltifatqızı