Universitetlərdə 2020-2021-ci tədris ili üzrə qış sessiyasının imtahanları yekunlaşmaq üzrədir. Maraqlıdır, imtahanlar ərzində kəsilən və ya imtahana buraxılmayan tələbələr olubmu?
Modern.az-ın əməkdaşı universitetlərə müraciət edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədova deyib ki, tələblərə universitet tərəfindən güzəştlər edilib:
“Bizim universitetdə təhsilhaqqına görə imtahana buraxılmayan tələbə yoxdur. Biz tələbələrə hissə -hissə ödəmələri üçün möhlət hüququ veririk. Hətta ödənişi aylara da bölürük. İmkanı necə çatırsa, elə ödəsin. Təhsilhaqqına görə birmənalı olaraq imtahana buraxılmayan tələbə yoxdur.
Bizdə semestr hələ bitməyib, imtahanlar fevralın 8-də yekunlaşacaq. Ona görə nəticələr barədə hər hansı məlumat verə bilmərəm. Semestri iki hissəyə böldük: birinci və ikinci modul. Birinci modul dekabr ayında oldu, ikincisi fevralın 1- dən- 8-ə qədər qədər davam edəcək. İmtahanlar bitəndən sonra nəticələr haqqında məlumat verə bilərik”.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbubat katibi Ağa Cəfərlinin sözlərinə görə, tələbələrin bir qismi imtahanda iştirak etməkdən imtina ediblər:
“400 qrup üzrə tələbələrin 99 faizi imtahanda iştirak edib. “Qeyri-kafi” alan tələbə yoxdur. Qeyd etmək istəyirəm ki, imtahanlarda 47 tələbə iştirak etməyib. Müəllimlər həmin tələbələrlə əlaqə saxlayıb. Lakin nədənsə, imtahan prosesində iştirak etmək istəməyiblər, özləri imtina edib.
İmtahanların keçirilməsinin təşkili üzrə operativ qərargah fəaliyyət göstərir. Bu günə qədər operativ qərargaha heç bir şikayət daxil olmayıb. Əvvəlki imtahandan kəsiri qalan tələbələrə təkrar imtahan üçün onlayn şərait yaradılıb. 51 nəfər tələbə apellyasiya müraciəti edib. Müraciətlər əsasında 21 tələbənin balı qaldırılıb.
İndiyə qədər illiyə görə imtahana buraxılmayan tələbə olmayıb. Amma mümkündür ki, olsun. Çünki hələ imtahan prosesi davam edir. Universitetimiz tərəfindən təhsilhaqqını ödəyə bilməyən tələbələrə güzəştlər olunub. Onlar təhsilhaqqının bir hissəsini ödəyib imtahanda iştirak edə bilərlər. Hər cür güzəştin edilməsi nəzərdə tutulur ki, tələbələr imtahanda iştirak etsinlər”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat katibi Bəhruz Nəzərov qeyd edib ki, hələ ki imtahan keçirilməsi prosesi davam edir:
“Bizim universitetdə imtahan prosesi davam edir. Sessiya ərzində bir nəfər intizam qaydalarını pozduğuna görə imtahandan xaric edilib. 382 nəfər tələbənin imtahan kəsri var”.
ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova bildirib ki, imtahana buraxılmayan tələbə olmayıb:
“Geridə qoyduğumuz semestr ərzində imtahana buraxılmayan tələbə olmayıb. Kəsilən və uğursuzluğa düçar olan tələbələrin sayı ilə bağlı məlumatı paylaşa bilmirəm. Bununla bağlı məlumatlar Təhsil Nazirliyinə hazırlanan hesabtda öz əksini tapır. Və bu hesabat və yaxud müvafiq məlumatlar ictimaiyyət üçün açıq deyil”.
Nəzrin Vahid