Modern.az

Nazir müavini: "Azərbaycanda 6000 əcnəbi tələbə təhsil alır"

Nazir müavini: "Azərbaycanda 6000 əcnəbi tələbə təhsil alır"

17 Avqust 2012, 12:17

Azərbaycanda ali təhsil müəssisələrində 6 mindən çox əcnəbi tələbə təhsil alır. Modern.az-ın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov hakim Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə bildirib. Q.Novruzovun sözlərinə görə, ölkəmizdə təhsil alan tələbələrin sayı ilbəil artmaqdadır.

“Azərbaycanda 6000 nəfərədək əcnəbi tələbə təhsil alır. Onlar 40-a yaxın ölkəni təmsil edirlər. Daha çox isə Türkiyə, İran, Çin və Yaxın Şərq ölkələrindən olan tələbələr bizim ali məktəblərimizdə təhsil alırlar”, - deyə nazir müavini vurğulayıb.

Q.Novruzov həmçinin qeyd edib ki, bu il Azərbaycanın 40-dan çox gənci Almaniyanın ali məktəblərinə qəbul olub. 

“Bu il artıq 40-dan artıq azərbaycanlı gənc Almaniyaın ali məktəblərinə qəbul olunub. Burada çox maraqlı statistika var ki, 40 nəfərdən 34-ü tibb ixtisası üzrə qəbul olunub. Daha maraqlı fakt odur ki, bu 34 nəfərdən 33-ü Azərbaycan Tibb Universitetini bitirərək Almaniyada rezidentura təhsili almağa gedən tələbələrdir. Ümumilikdə isə Almaniyada yalnız tibb ixtisası üzrə təhsil alan tələbələrimizin sayı 80-dən artıqdır. Bu il qəbul olunanları da saysaq, tibb təhsili alanların sayı 150 nəfərə yaxınlaşacaq. Bu Azərbaycan üçün böyük nailiyyətdir”.

Nazir müavini daha sonra dövlət büdcəsindən ölkə təhsilinə qoyulan investisiyalardan danışaraq bu il üçün statistik rəqəmləri açıqlayıb. Onun sözlərinə görə, bu göstərici 1,6 milyard manata çatıb.

“Təhsilə dövlət qayğısından danışarkən təbii ki, bu sahəyə yönələn investisiyaları xüsusi qeyd etməliyik. İlbə- il bu göstərici artıb. Əgər dövlət büdcəsinin tərkibində təhsilə ayrılan ümumi xərclər 2002-ci ildə 216 milyon manat idisə, 2012-ci ildə bu göstərici 1,6 milyard manata çatıb. 10 il ərzindəki dinamikaya baxdıqda, təhsilə yönələn investisiyaların nə qədər artdığını görürük. Təbii ki, bu investisiyalar təhsil infrastrukturunun yenilənməsinə, dərsliklərin çap olunmasına, əməkhaqlarını artırılmasına və təhsilimizin inkişafına xidmət edən digər proseslərə yönəlib”, - deyə Q.Novruzov qeyd edib.

Anar RÜSTƏMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi