Modern.az

“Belə getsə, qışı da çadırda keçirəcəyik!”- zəlzələ baş vermiş Zaqatala sakini

“Belə getsə, qışı da çadırda keçirəcəyik!”- zəlzələ baş vermiş Zaqatala sakini

22 Avqust 2012, 16:43


Zaqatalada baş verən zəlzələnin nəticələri hələ də aradan qaldırılmayıb. Zaqatalanın kəndlərində yaşayan sakinlər də evlərinin soyuqlar düşənə kimi hazır olacağına heç də ümid etmirlər. Belə şikayətçi vətəndaşlardan biri də İkinci Tala kənd sakini Vüqar Musayevdir.

V. Musayev Modern.az-a bildirib ki, zəlzələdən 4 ay keçsə də, Zaqatala sakinləri heç də qışa qədər evlərinin hazır olacağına inanmırlar.

“Zəlzələdən sonra İkinci Talanın sakinlərinə çadırlar 10 gün sonra çatdırıldı. Doğrudur, Zaqatalaya çox yardımlar gəldi. Amma müəyyən qurumlar bu yardımları “yedi”. Ən çox isə İkinci Talanın icra nümayəndəliyi. Elə evlərdə var ki, heç dağılmamışdı, adamının gücü ilə dağıntıya yazıldı. Mənim yaşadığım obada 11 ev dağılıb. Hazırda əşyalarımı çadıra yığıb, Sumqayıtda qalmağa məcbur olmuşam. Ümid yoxdur ki, qışadək evlər hazır ola. Fövqəladə Hallar Nazirliyinə bir neçə dəfə zəng vurmuşam. Oradan isə dedilər ki, şikayətini Zaqatala İcra Hakimiyyətində fövqəladə halların komissiyasına et.

Söküləsi, bərpa ediləsi evlər çoxdur. Çadır isə cəmi 100-110 nəfərə çatıb”.

V. Musayev onu da vurğulayıb ki, bərpa işlərini aparan şirkətlərin işlətdikləri fəhlələrin əmək haqlarının az olması da, işin ləngiməsinə təsir göstərir .

“Zaqatalada işləyən fəhləyə günəmuzd 20 manat ödənir. Amma sənəddə. Əslində isə 10 manat. Zaqatalada tikinti-bərpa işləri aparan şirkət fəhlə pulunu “yeyir”. İşləri icra edən çox şirkət və briqadalar artıq bölgədən gedib.

Zaqatalanın Gözbaraq, Sabıncı kəndinə yardım gəldi. Talaya gələn kimi onlar da hara yoxa çıxdı bilinmir. Kəndlər arasında ən pis vəziyyət Gözbaraqdadır. İkinci Talaya yardım demək olar ki, çatmadı. Bütün qüvvələr cəlb olunsa, yalnız  rus məktəbi oktyabr ayına kimi hazır ola bilər. Belə getsə, qışı da çadırda keçirəcəyik”.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi