2011-ci ildə yaranmış və əsas məqsədi Amerikada Azərbaycan dəyərlərini təmsil etmək, həmçinin Amerika və Azərbaycan arasında mədəni, siyasi əlaqələri inkişaf etdirməyi qarşısına prioritet məsələ qoyan Azərbaycan Amerika Alyansı (AAA) növbəti layihəsini həyata keçirir.
Modern.az xəbər verir ki, təşkilat tələbə təqaüd proqramı üçün ərizə qəbuluna başlayıb.
Azərbaycan-Amerika Alyansı QHT tərəfindən təsis edilən tələbə təqaüd Azərbaycan və həmçinin Azərbaycan-Amerika tədris müəssisələrini bitirmiş, bakalavr dərəcəsi almış tələbələrlə yanaşı, ali tədris müəssisələrində təhsil alan tələbələrə şamil olunur. Təqaüdün əsas məqsədi tələbələrin Amerika Birləşmiş Ştatlarında həyata keçirilən təhsil proqramlarında iştirakını təmin və təşviq etməkdir. Təqaüdün verilməsində əsas məqsədlərdən biri də son illər Azərbaycan və Amerika tələbələri arasında inkişaf etməkdə olan mədəni və əməkdaşlıq əlaqələrinin artırılmasına, mədəniyyətlərarası münasibətlərin formalaşmasına sürətli təkan verməkdir. Məhz bu baxımdan AAA hesab edir ki, lazımi maliyyə dəstəyi göstərməklə seçilmiş tələbələrin Amerika Birləşmiş Ştatlarında təhsillərini davam etdirməsinə şərait yaradacaq. Təsis edilmiş təqaüdün uğurla istifadəsi tələbələrə kollektiv münasibətlərin qurulmasında, cəmiyyətdə aktiv ictimai fəaliyyətlə məşğul olmalarında, onların təhsildə yaxından iştirakına və təhsildə irəliləməsinə geniş imkanlar yaradacaqdır. Alyans tərəfindən təsis edilən təqaüdün ümumi məbləği maliyyə ehtiyaclarından, tələbənin seçdiyi proqramdan, proqramın müddətindən və təhsil müəssisəsinin yerləşdiyi ərazidən asılı olaraq dəyişə bilər.
Azərbaycan – Amerika Alyansının təsis etdiyi təqaüd proqramına qoşulmaq və müvafiq ərizə formasını doldurmaq üçün aşağıdakı link-ə keçmək lazımdır.
www.azerbaijanamericaalliance.org
Ərizə və müraciətlərin qəbulu 21 sentyabr 2012-ci il tarixində başa çatır.
Modern.az