Modern.az

Sərdar Cəlaloğlu prezidentə məktub yazdı

Sərdar Cəlaloğlu prezidentə məktub yazdı

23 Avqust 2012, 16:09

Azərbaycan Demokrat Partiyası Respublika Prezidenti İlham Əliyevə İranda Məşrutə inqilabının başçısı, Şərqdə ilk Parlamentin yaradıcısı Səttarxanın təbliğ olunması və dünyaya tanıdılması istiqamətində təklifləri özündə əks etdirən məktub göndərib.

Bu barədə Modern.az-a ADP-dən məlumat verilib. Partiyanın sədri Sərdar Cəlaloğlunun imzaladığı məktubda deyilir:

“Məlum olduğu kimi 16 avqustda dünya demokratiyası tarixində şərəfli yer tutan, Avropada İranın Hannibalı adlandırılan, dünyanın əksər böyük demokratları tərəfindən ən yüksək epitetlərlə qiymətləndirilən, İranda Məşrutə inqilabının başçısı, Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük siyasi simalardan biri Səttarxanın anadan olmasının ildönümü qeyd edildi.

Xalq qarşısındakı xidmətlərinə görə İran Parlamenti tərəfindən fəxri olaraq Sərdari Milli – Millət başçısı adı verilən Səttarxan 20-ci əsrin əvvəlində islam dünyasında ilk dəfə olaraq yerli idarəetmə qurumları - əncümənləri və o cümlədən İslam tarixində ilk parlamentin formalaşmasına nail oldu.

Hörmətli cənab Prezident!

Siz dəfələrlə özünüzü təkcə Azərbaycan Respublikasının vətəndaşlarının deyil, dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqının rəhbəri kimi hiss etdiyinizi çıxışlarınızda qeyd etmisiniz. Çox təəssüf ki, Avropada Kromvelin həyata keçirdiyi islahatlara bərabər olan işləri İranda həyata keçirən Səttarxanı nəinki dünyada, hətta öz həmvətənlərimiz belə yaxşı tanımır. Daha doğrusu onun tanıdılması üçün Azərbaycan dövləti tərəfindən heç bir iş görülməyib. Azərbaycan xalqının digər şərq xalqlarından daha çox azadlıqsevər olmasını nümayiş etdirən Səttarxan hərakatı haqqında faktların tanıdılması həm də müasir Azərbaycan dövlətinin dünyada təbliğ olunmasında mühüm rol oynaya bilər. Bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, Səttarxanın fəaliyyətinin öyrənilməsi, onun başçılıq etdiyi mübarizənin araşdırılması, bu barədə kitab, sənədli film və s. materialların hazırlanıb yayılması, xalqa və dünyaya tanıdılması istiqamətində ciddi addımların atılması zəruridir.”

Məktubun sonunda Azərbaycan xalqının bütünləşməsi, dövlətimizin beynəlxalq nüfuzunun artması, xalqımızın demokratiya hərakatına 110 il əvvəl başlaması və beləliklə də xalqın demokratiyaya hazır olmamasını iddia edənlərin yanıldığını sübut etmək baxımından bu məsələnin böyük əhəmiyyətini nəzərə alaraq Səttarxanın Azərbaycan Milli Məclisinin binası qarşısında heykəlinin ucaldılmasını da təklif edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi