Modern.az

İlyas İsmayılov seçicilərinin yanından Misir Mərdanova zəng vurub

İlyas İsmayılov seçicilərinin yanından Misir Mərdanova zəng vurub

Təhsil

24 Avqust 2012, 14:09

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun avqustun 24-də  Qazaxadakı seçiciləri ilə daha bir görüşü olub. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda deyilir ki, rayonun Ağköynək kəndində keçirilən görüşdə ali məktəblərdə ödənişli təhsillə, eləcə də kənd məktəbinin istilik sistemi ilə bağlı məsələlər müzakirə edilib.

İ.İsmayılov birinci məsələ ilə bağlı sualları cavablandırdıqdan sonra təhsil naziri Misir Mərdanovla birbaşa telefon əlaqəsi yaradıb və kənd məktəbinin istilik sistemi ilə təchiz olunmasına köməklik göstərməsini xahiş edib. Nazir bu məsələni şəxsən nəzarətə götürəcəyini və problemi soyuqlar düşməmiş həll edəcəyinə söz verib.

Sabah isə İlyas İsmayılov Ağstafanın Vurğun və Tovuzun Aşağı Mülkülü kəndlərindəki seçiciləri ilə görüşəcək.

Xatırladaq ki, İ.İsmayılov avqustun  əvvəllərində seçiciləri ilə daha bir neçə görüş keçirmişdi. İlk görüş Qazax rayonunun Xanlıqlar kəndində olmuşdu. Orada əhali yüksək gərginlikli elektrik xətlərinin yaşayış evlərinin lap yaxınlığından keçməsindən narahatdır. İstəyirlər ki, həmin xətlərin istiqaməti dəyişdirilsin. Deputat artıq onların istəkləri ilə bağlı “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə müraciət göndərib və ümid edir ki, bu problem həllini tapacaq.

İkinci görüş Ağstafa rayonunun Köçəsgər kəndində olmuşdu. Yeri gəlmişkən, əvvəllər orada əhali işıq və qaz problemlərinə görə əziyyət çəkirdi. İndi vəziyyət xeyli yaxşılaşıb və artıq belə problemlər yoxdur. Hazırda onlar ən çox içməli və əkin suyu sarıdan korluq çəkirlər. Düzdür, yerli rəhbərlik bu problemlə məşğuldur. Bununla belə, deputat İ.İsmayılov məsələni daha səlahiyyətli dövlət və hökumət qurumları qarşısında da qaldıracağını bildirib.

Sonuncu görüş Tovuzda, “Sement zavodu” deyilən ərazidə yaşayan seçicilərlə keçirilmişdi. Oranın sakinləri vaxtilə həmin zavodun tikintisində, sonra da özündə işləyib, baraklarda yaşayıblar. Zavod çoxdandır işləmir. İşçiləin bir qismi dünyalarını dəyişib, qalanları isə çox acınacaqlı şəraitdə yenə də həmin baraklarda yaşayırlar.  İlyas İsmayılov da daxil olmaqla Tovuzdan seçilən deputatlar bununla bağlı əvvəlcə Baş nazir Artur Rasizadəyə müraciət etmişdilər. Sonra İ.İsmayılov bu məsələni Milli Məclisdə də qaldırdı. Nəhayət, prezident İlham Əliyev Tovuzda səfərdə olarkən deputat həmkarı Qənirə Paşayeva ilə birlikdə ona da müraciət etdi. Prezident onların müraciətinə diqqətlə yanaşdı və lazımi vəsait ayırdı. İndi orada 85 ailə üçün iki beşmərtəbəli yaşayış binası tikilməsinə hazırlıq gedir.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi