Bəlkə də, çoxları bu yazını gecikmiş hesab edəcəklər. Hamımıza bir dünya sevinc yaşadan Olimpiya oyunlarından neçə gün ötüb. Əslində, bu, “arxiv”im üçün qeydlərdən başqa bir şey deyildi. Sadəcə, London Yay Olimpiadasının Azərbaycan əyarlı “qızıl”ı Toğrulun bir müsahibəsində dediyi: “...hərbi xidmətə yola düşəcəm, bu, hər birimizin borcudur” fikri qeydlərimi hörmətli oxucularla bölüşməyə səbəb oldu...
Dünyanın ən gözəl bayrağı Azərbaycan bayrağıdır, məncə. Heç şübhə etmirəm: hamımız belə düşünürük. Bu isti avqust günlərində yaşadığım həyəcanlı anlar isə bayrağımızı bir daha mənim gözlərimdə göyün yeddinci qatına qaldırdı...
Qardaşım ali təhsilini başa vurdu, onu fəxrlə hərbi xidmətə yola saldıq. Bu mərasim lap filmlərdə gördüyüm kadrları xatırladırdı. Dəmiryol vağzalı. Qələbəlik. İynə atsan, yerə düşməz. Hava çox istidir, amma bu, heç kimin vecinə deyil. Hamı öz “əsgər”ini dövrələyib. Atalar qürurlu görünür, öyüdləri də elə kişi öyüdüdür: “Kişi ol, Vətəni qorumaq kişi işidir!..” Analar kövrəkdir, hər zamankı kimi yenə qayğılıdırlar, iki daşın arasında da “ənənəvi” nəsihətlərindən qalmırlar: “Sən Allah, özündən muğayat ol!”. “Əsgər”lərin ovqatı isə elə əsl kişi ovqatıdır, hələ bir az özlərindən razı görünürlər, yəqin hansı yola çıxdıqlarının fərqindədirlər...
Qatarın fit səsi həyəcanı daha da artırır, ətrafdakıların alqış, qışqırıq səsi fitin sədasına qarışır. Qollar boyunlara dolanır, hamı bir daha, bir daha... öz doğmasının boynuna sarılmaq istəyir. “Yaxşı yol! Allah amanında!” duası ətrafı bürüyüb. Bu həyəcan da, sevinc də, qürur da, nigarançılıq da təbiidir...
Artıq vaxtdır, əsgərlər vaqonlara tələsirlər. Elə bu vaxt... Kənarda anasının əlindən tutan balaca bir oğlan diqqətmi çəkir. Əlində üçrəngli bayrağımız var. Bayrağı öz balaca əlində elə bərk sıxıb ki. Qəfil dartınıb anasının əlindən çıxmaq istəyir: “Dayı, bayrağın qaldı...” deyə qışqırır. Dayısı səsə sarı dönür, qayıdır, balacanı bağrına basır, əlindəki bayrağı isə öpüb gözünün üstünə qoyur, sonra başının üzərinə qaldırır...
Gözlərim dolur. Öyünüləsi mənzərədir...
Fəxr ediləsi məqam, həm də o idi ki, hamı bir idi həmin gün. Hamı eyni cür düşünürdü. Hamının arzusu da, duası da eyni idi. Heç kim əsgərləri bir-birindən seçmirdi. Hamı eyni duanı pıçıldayırdı...
* * * *
...N” saylı hərbi hissə. Gənc əsgərlərin andiçmə mərasimi. İlk dəfədir and içənlərə şahidlik edirəm. Bu dəfə hamısı eyni geyinib. Səf dayanıblar, mətin dayanıblar. Cəsur görünürlər. Gözüm qardaşımı axtarır, amma onları bir-birindən seçmək asan deyil. Tək boyları fərqlidir. “Elə hamısı mənim qardaşımdır” deyə düşünürəm. Allah qorusun!..
Meydana üçrəngli bayrağımız gətirilir. “Azərbaycan himni” səslənir. Ürəklə oxuyurlar. Biz də, hamımız: valideynlər, bacı-qardaşlar, qohum-əqrəba... onlara qoşuluruq.
...Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır...
Mərasimin ən şərəfli anı, heç şübhəsiz, andiçmədir. Əsgərlərimiz silah və üçrəngli bayrağımız üzərində and içirlər – Azərbaycana sədaqət andı: “Mən, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən, Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm! Təntənəli surətdə and içirəm!....”
Qardaşım da and içir. Artıq onu əsgərlərin arasında “tapmışam”. Ürəyim köksümə sığmır. Bir daha dövlətimizlə, bayrağımızla, himnimizlə qürur duyuram! Əsgər qardaşımla fəxr edirəm!..
Mərasimdə bir əsgər anasının çıxışını da unuda bilmirəm. O qadın belə dedi: “...Bizim gənclik illərimizdə Azərbaycan oğulları hərbi xidmətə başlayarkən “Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşı” kimi and içirdilər. Siz isə “Mən, Azərbaycan Respublikasının vətəndaşı...” deyə and içdiniz. Siz şanslısınız ki, müstəqil, azad, suveren bir ölkədə doğulmusunuz! Bu xoşbəxtliyin qədrini bilin! Azərbaycan adını, Azərbaycan bayrağını uca tutun! Arzu edirəm ki, bu gün içdiyiniz müqəddəs anda və bu anda sadiqliyinizə görə bütün ömrünüz boyu iftixar hissi keçirəsiniz...”
Budur, əsgərlər hərbi orkestrin sədaları altında təntənəli şəkildə tribunanın önündən keçirlər:
“Vətən məni yetişdirib...”
Cəsurluq, mərdlik, igidlik yağan o səhnəni indi də hər gün iftixarla xatırlahyıram! Əsgər qardaşımla fəxr edirəm!..
Həmin gün fəxr ediləsi məqam, bir də, bilirsinizmi, nə idi?
Hamı yenə bir idi. Hamı eyni cür düşünürdü. Hamının arzusu da, duası da eyni idi. Heç kim əsgərləri bir-birindən seçmirdi. Hamı eyni duanı pıçıldayırdı...
* * * *
...11 avqust 2012-ci il. Ekran qarşısında böyük həyəcanla London Yay Olimpiya oyunlarını izləyirik. Həyəcanlıyıq. Nigaranıq. Bir az da küskünük. Uman yerdən küsərlər: “qızıl” gözlədiyimiz idmançılarımız bizi pərt ediblər. Amma heç də hər şey bitməyib! İntizarla, ümidlə “qızıl” gözləyirik. Ümidsiz şeytandır! Və bu “qızıl”ın gələcəyinə inanırıq!..
Budur, 60 kq çəki dərəcəsində sərbəst güləşçimiz Toğrul Əsgərov qəhrəman kimi final görüşünə atılır. Bəli, məhz atılır. Çünki yaxşı bilir ki, bu, sadəcə yarış deyil, bu, millətlər, xalqlar yarışıdır! Bu yarışdan qəhrəman kimi ayrılmaq lazımdır! Bu yarışda Azərbaycanı, Azərbaycan bayrağını, Azərbaycan himnini... mütləq qalib etmək lazımdır!..
Anama baxıram: əllərini göyə açıb, sanki yarışa çıxan öz oğludur! Atam da eyni ovqatdadır, amma yarışı təmkinlə izləyir...
Mənsə hisslərimi cilovlaya bilmirəm, sanki Toğrul məni eşidirmiş kimi qışqırıram: “Ürəkli ol, özünə inan, Toğrul, ruhunu qoru! Ürəyin və ruhun varsa, mütləq qalib gələcəksən! Azərbaycanımızı sevindir! Xalqımızı sevindir! Bayrağımızı ucalt, qardaş!..”
Yarış başa çatır! Toğrul artıq qalibdir! Yox! Qalib Azərbaycandır! Bu, bir fərdin yox, xalqın qələbəsidir! Azərbaycan dövlətinin, Azərbaycan bayrağının, Azərbaycan himninin qələbəsidir! Müstəqil Azərbaycanın gəncliyinə bu qədər diqqət göstərən Prezidentin qələbəsidir!..
Budur, üçrəngli bayrağımız Toğrulun başı üzərindədir! Əhsən, Toğrul! Uşaqdan böyüyə, cavandan qocaya, sadə vətəndaşdan Dövlət Başçısına qədər hər kəs səni – xalqın mübarizlik, əyilməzlik və məğrurluq rəmzinə dönən qəhrəmanı alqışlayır! Bu sənin HALAL ALQIŞındır!..
Möhtəşəm bir salonda Azərbaycan bayrağı ucalır, Azərbaycan himni səslənir!..
Ekranın önündəcə qürurla, sevinclə, göz yaşı ilə izləyirik bu ucalığı!..
Fəxr ediləsi məqam, bir də, bilirsinizmi, nə idi?..
Mən inanıram, inanmaq istəyirəm ki, həmin gecə də hamı eyni cür düşünürdü, (Bəlkə, bunun əksini arzulayanlar, sapı özümüzdən olan baltalar da vardı. Heç onlar haqqında düşünmək belə istəmirəm.) “hamı çəkici eyni zindana vururdu”. Hər kəs elə bilirdi, yarışan öz oğludur, hər kəs elə bilirdi, yarışan öz qardaşıdır. Hər kəs Toğrul üçün, Azərbaycan üçün dua edirdi. Hamı eyni duanı pıçıldayırdı. Əsgərlərin yolasalma və andiçmə mərasimlərində olduğu kimi...
Həmin gecə, həm də bu birliyin, bu həmrəyliyin sevincini yaşadıq! Bu millət, bu xalq bir olanda, həmrəy olanda necə əzəmətli, necə qüdrətli olur! Bu birlik düşmənlərimiz üçün də ən böyük vahimə, qorxudur!..
Azərbaycana, bu bayrağa, bu millətə, bu xalqa yalnız Qələbə yaraşır! Millətin, xalqın qürur, ləyaqət, şərəf hissini ifadə edən, onun birliyindən xəbər verən əzəmətli bir qələbə...
* * * *
...İndi iki qardaşım var mənim: əsgər və çempion qardaşım. Hər ikisinin 20 yaşı var! Hər ikisi 1992-ci ildə anadan olub! Müstəqil, azad, suveren bir ölkədə. Hər ikisi müstəqil Azərbaycanın bağrından yetişib! Möhtərəm Prezidentimiz İlham Əliyevin fikrini xatırlayıram: ”Ən sevindirici hal budur ki, qızıl, gümüş, bürünc medalları qazananlar gənc idmançılardır. Onlar müstəqillik dövründə yetişmiş idmançılardır...”
...İsti avqust günləri əsgər və çempion qardaşımın həyatında və taleyində yeni mərhələ açdı. Uğurlu olsun! Deməyə bircə söz qalır: “BAYRAĞINI UCA SAXLA...”
Müstəqil Azərbaycanın hər an gözlədiyimiz Qələbəsini birgə görmək arzusu ilə....