Banklar pul köçürmə və göndərilməsində ən sürətli vasitədir. Bu əsasən xaricdə, ailədən uzaq olan insanlar üçün vacib amildir. Bu baxımdan xaricdə təhsil alan azərbaycanlı tələbələrdən birinin dilə gətirdiyi maraqlı faktlar banklarla bağlı sorğu keçirməyimizə səbəb oldu.
Öncə tələbənin hekayəti: “Yeni İlin Azərbaycanda bir həftə bayram edilməsi ilə əlaqədar banklar işləmədi və bu müddət ərzində bir çox tələbə, ayın sonu olduğundan çətin vəziyyətə düşmüşdü. Yalnız bir həftə sonra banklar gündəlik iş rejiminə qayıtdığından ailələrimizdən bizə göndərilən pulu ala bildik”.
“Azər Türk bank”ın biznesin inkişafı departamentinin əməkdaşı Cavid Kərimov Modern.az-a açıqlamasında bu cür ekstremal situasiyalarla bağlı xüsusi layihələrinin olduğunu dedi: “Bu əsasən məqsəddən asılıdır. Hansı bank ki, texniki şəxslərlə işləməyə üstünlük verirsə, onların 7/24 rejimində filialları açıq olur. Amma strategiyasında fiziki şəxslərə böyük üstünlük verməyən banklar üçün bu, rasional deyil. Xaricdəki kontingentin bayram günləri ilə əlaqədar bizim banklarla problemi ola bilər. Bu zaman əsasən də tələbələr xaricdəki kontingetlə əlaqəsi olan banklarımızın filialları ilə əlaqə saxlasınlar. “Bizim bankımızın bazar payımız böyük deyil, amma strategiyamızda var ki, inkişafımızda sıçrayış edək. “AzərTürk bank” ümumiyyətcə buna müsbət hal kimi baxsa da hər şey strategiyamızın necə irəliləməsindən asılıdır”.
“Bank of Azerbaijan”-ın mətbuat xidmətindən Nicat Mirzəyev bildirdi ki, bankda hər zaman pul köçürmələri həyata keçirilir. “Bayram günlərində bəzi filiallarımız, şənbə-bazar günləri üçün də xüsusi filiallar müştərilərin xidmətindədir. Hətta bu günlərdə uzadılmış iş rejimində çalışırıq, saat 22:00-a qədər pul köçürmə əməliyyatları aparılır.”
“Xalqbank”dan bildirdilər ki, mərkəzi filial şənbə günü saat 14:00-a qədər işləyir. Bayramlar öncəsi həmin günlərdə bankın fəaliyyət göstərməsi haqda bankın rəhbərliyi qərar verir. “Bizdə 4-5 gün hansısa filialın bağlı olması halları olmur. Bayram günləri üçün bir filialımız fasiləsiz iş rejimi ilə çalışır”.
“Unibank”-dan verilən məlumata görə iş rejimlərində dəyişikliklər tez-tez edirlər. Bildirilib ki, Sahil filialı 7/24 rejimində fəaliyyət göstərir. Bazar günlərini çıxmaq şərti ilə həftənin digər günlərində bütün xidmətlər göstərilir, bazar günlərində isə yalnız kassa xidməti fəaliyyət göstərir. “Unibank”ın sözü gedən filialında həmçinin bayram günlərində də fasiləsiz iş rejimində işləyirlər. Buna əsasən, müştərilərin çoxsaylı tələbatlarının səbəb olduğu qeyd edildi. Son olaraq
“Kapitalbank”-ın mətbuat xidmətindən bildirib ki, şənbə günləri müştərilər bankın bütün əməliyyatlarından rahatlıqla yararlana bilərlər. “28 may filialında bankın 24 saat fəaliyyət göstərən özünəxidmət mərkəzi də var. Bankın plastik kartına sahib olan hər bir müştəri bu imkandan faydalanaraq istədiyi vaxt müstəqil şəkildə kommunal xidmətlərdən, mobil rabitədən istifadə üzrə ödənişlər apara, valyuta mübadiləsi edə, hesabını artıra və digər əməliyyatlar həyata keçirə bilər. “Kapitalbank”ın yeni “Cash by Code” xidməti bankın ödəniş kart sahibləri üçün bankomat vasitəsilə ödəniş kartı olmayan şəxslərə pul göndərmək imkanı yaradır.
“Modern.az”-a açıqlmasında iqtisadçı ekspert Vüqar Bayramov da banklarımızın iş rejimindən tam da razı olmadığını dilə gətirib: “Ümumiyyətlə ABŞ-da, Avropa Birliyinə daxil olan ölkələrdə banklar şənbə günü işləyirlər. Bazar günü isə iş günü hesab edilmədiyindən banklar elə də aktiv fəaliyyətdə olmurlar. Bayram günləri ilə bağlı ABŞ-da da banklar işləmirlər və həmin günlər ərzində işləməyəcəklərinə dair müştərilərə görə ictimaiyyəti məlumatlandırırlar. Həmçinin onların internet səhifələrində də hansı bayram günlərində fasilə edəcəkləri ilə bağlı günün əvvəlindən xəbərdarlıq edilir. Avropada isə bu cur bayram günlərində banklar fasiləyə ayrılmır, yalnız xüsusi günlərdə yenə də öncədən cəmiyyətə bildirildikdən sonra ara verirlər. Azərbaycanda bəzi banklar şənbə günü günorta saat 13:00-a kimi işləyirlər. Müəyyən banklar da vardır ki, şənbə günləri ümumiyyətlə fəaliyyət göstərmirlər. Bankların əksəriyyəti bayram günlərində demək olar ki, işləmir. Bildiyimiz kimi bizdə bayram günlərinin sayı yetəri qədərdir. Və bu da praktiki olaraq pul köçürmələrində ciddi problemlərə gətirib çıxarır. Uzun sürən bayram günlərində bəzi banklar fəaliyyətlərini davam etdirirlər. Əfsus ki, hamısı belə deyil. Banklarımızın çoxu ləng işləyirlər və müştərilər əməliyyatların yerinə yetirilməsinə qədər gözləmək məcburiyyətində qalırlar. Banklarda xidmət vəziyyəti aşağıdır, həmçinin bank sektorunda rəqabət də çox zəifdir. Bu səbəblərdən də bankların müştərilərlə fasiləsiz işləmək ənənəsi tam formalaşmayıb. Sanki bizdə banklar buna birmənalı şəkildə ehtiyac duymurlar”.
Toğrul Salehli