Modern.az

Rəsmi Bakı ABŞ-ın Ramil Səfərovla bağlı izahatına cavab verdi

Rəsmi Bakı ABŞ-ın Ramil Səfərovla bağlı izahatına cavab verdi

1 Sentyabr 2012, 15:20

Prezident Administrasiyası (PA) ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin Macarıstanın Ramil Səfərovu Azərbaycana qaytarması və prezidentin sərəncamı ilə əfv olunması barədə açıqlamalarına münasibət bildirib.

APA-nın məlumatına görə, PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası ilə tənzimlənir: “Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər. Konvensiya hətta mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü çıxarılandan sonra təhvil verilməsini də əngəlləmir. Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi proseduruna dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılaşıb”.

F. Ələsgərov R. Səfərovun əfv olunması məsələsinə də aydınlıq gətirib: “Ramil Səfərovun əfv olunması ilə bağlı bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Macarıstan məhkəməsinin çıxardığı hökm yalnız məhkumun hökm çıxarılandan 30 il müddətində vaxtından əvvəl şərti azadlığa buraxılması imkanlarını məhdudlaşdırır. Bu məhdudiyyət məhkumun əfv olunması və ya amnistiyaya salınması imkanlarına aid edilmir. Ramil Səfərov təhvil verilmə haqqında Konvensiya nəzərə alınaraq, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında əfv edilib. Konvensiyaya əsasən, hər bir tərəf əfv, amnistiya elan edə və ya ölkə Konstitusiyası, yaxud digər hüquqi aktlar əsasında məhkumun cəzasını azalda bilər.

Azərbaycan Konstitusiyasına görə, əfv prezidentin müstəsna hüququdur. Azərbaycanın cinayət qanunvericiliyinə əsasən, ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin cəzası 25 ildən yuxarı olduqda onlar əfv edilə bilməz. Ramil Səfərov 2004-cü ilin 19 fevralından həbsdədir və cəzasının 8 il yarımını çəkib. Bunlar əsas götürülərək, Ramil Səfərov əff sərəncamı ilə azadlığa buraxılıb.

Odur ki, Macarıstanın Ramil Səfərovu cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycana təhsil verməsi proseduru və onun əfv edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğundur”. 

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi