2012-2013-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, sənəd qəbulu başa çatdıqdan sonra şagirdlərin seçim prosesinə başlanıb. Bildirilib ki, peşə məktəblərinə şagird seçimi sentyabrın 10-dək davam edəcək.
Qeyd edək ki, növbəti tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 20380 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 17660 nəfər, ödənişli əsaslarla 2720 nəfər olacaq. Buraxılış planının isə 13238 nəfər, o cümlədən ödənişli əsaslarla 1950 nəfər olacağı bildirilib.
Həmçinin Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 144, 72, nömrəli texniki peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılması qərara alınıb.
Xatırladaq ki, peşə məktəblərinə şagirdlərin sənəd qəbulu avqustun 15-dən 31-dək aparılıb.
Anar RÜSTƏMOV