Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi (PJB) Suriyada həbs olunan türkiyəli fotomüxbir (TRT) Cüneyt Ünalın dərhal azad buraxılması çağırışı ilə bəyanat verib.
Bu barədə Modern.az-a PJB-dən məlumat verilib. Qeyd edilib ki, PJB bu addımı ilə Türkiyənin jurnalist təçkilatlarının çağırışına qoşulduğunu nümayiş etdirib.
PJB-nin verdiyi bəyanatda bildirilir ki, təxminən on gün müddətində Cüneyt Ünaldan heç bir xəbər olmayıb, bunun ardından isə jurnalist telekanallara çıxarılaraq danışdırılıb. Bu zaman onun təzyiq altında olduğu, ciddi işgəncələrə məruz qaldığı açıq hss edilib:
“Suriyada jurnalistlərə qarşı bu şəkildə davranış davam edir. Halbuki jurnalistlər Suriyaya Bəşər Əsədlə müharibəyə getmirlər, onlar öz peşə borclarını yerinə yetirirlər.
Cüneyt Ünala törədilən işgəncəyə dünyada heç bir jurnalist biganə qalmamalıdır. Türkiyədən aldığımız məlumata görə Suriyada atışma zamanı öz peşə borcunu yerinə yetirən yaponiyalı jurnalist Mika Yamamoto həyatının itirib, Cüneyt Ünal isə əsir götürülüb”.
PJB Suriyada jurnalistlərə qarşı baş verən olaylardan üzüntü keçirdiyini və beynəlxalq jurnalist birliklərini, dünyanın nüfuzlu təşkilatlarını bu məsələyə son qoyulması üçün fəal olmağa çağırıb.
“Dünya jurnalistləri biri-birlərinə sahib çıxmalıdırlar”-deyə bəyanatda bildirilib.