Modern.az

Kəlbəcərli köçkünlərin məsələsi həll olunmamış qalıb - PROBLEM

Kəlbəcərli köçkünlərin məsələsi həll olunmamış qalıb - PROBLEM

3 Sentyabr 2012, 14:28

Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli və digər qonşu kəndlərində məskunlaşan kəlbəcərli məcburi köçkünlərə ayrı-ayrı dövlət qurumları tərəfindən ayrı-seçicilik hələ də davam edir. Bunu kənd sakinlərinin Modern.az-a ünvanladığı növbəti müraciətlərində bildiriblər. Artıq onlar bu müraciətlərin yerinə yetirilmədiyindən boğaza yığılıblar. Qarşıdan qış aylarının gəldiyini və oduncağın çox baha olduğunu qeyd edən kəlbəcərli məcburi köçkünlər müvafiq qurumların onlara yardım etməsini gözləyir. Onlar məsələ ilə bağlı dəfələrlə müvafiq instansiyalara müraciət etsələr də “gözləyin, yaxın zamanlarda həll olunacaq” kimi baş altına yastıq qoymaq kimi cavablar alıblar.

Məsələ ilə bağlı Kəlbəcər rayonu İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov Modern.az-a açıqlamasında bildirib ki, bu məsələdən xəbərdardır və tezliklə həll olunacaq. Onun sözlərinə görə, bu məsələni üzərində işləyirlər.

Bu problemin qış fəslinə kimi düzələcəyinə gəlincə, icra başçısı “düzəlməlidir” deyə cavab verib.

Bu məsələ ilə birbaşa əlaqəsi olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə bu məsələnin onlara aid olmadığını bildirib. Buradan isə belə nəticə çıxır ki, məcburi köçkünlərin üzləşdikləri problemlərin adı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olan bir dövlət qurumuna aidiyyatı yoxdur. 

Qeyd edək ki, Qaraçinar, Yenikənd, Meşəli kəndləri Goranboyun Şəfəq və Ağcakənd  yaşayış məntəqələri arasında yerləşir. Həm Şəfəq, həm də Ağcakənd kəndlərində insanlara mavi yanacaq verilsə də, kəlbəcərlilər məskunlaşan kəndlərə  “bir addımlıq” məsafədə yerləşən borulardan mavi yanacaq çatmır. Qəribəsi isə odur ki, rayondan Ağcakəndə çəkilən qaz kəməri Qaraçinar, Yenikənd, Meşəli kəndlərindən keçir. Yəni burada qaz xəttinin uzaq olması kimi bəhanə gətirilə bilməz. Digər tərəfdən, əgər qaz kəndlərə növbəliliklə çəkilirsə, o zaman kəlbəcərlilərin məskunlaşdıqları kəndlər yaddan çıxmazdı, nəinki həmin kəndlərdən qaz xətti çəkilib onlara göz dağı vermək.
Məcburi köçkünlər qeyd edirlər ki, dövlət qurumları ögey-doğmalıq qoymasaydılar, rayona yaxın olan kəndləri unudub daha uzaq kəndlərə qaz verməzdilər. Şikayətçilər məktublarında qeyd edirlər ki, onlar hansısa kəndə qaz verilməsinin əleyhinə deyillər. Şəfəq də, Ağcakənd də qazdan istifadə etməlidir, deyən köçkünlər özlərinə qarşı münasibətdən narazıdırlar.

Anar Kəlbiyev
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi