“NUR” Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10-12 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində “Kiber Gənclər Düşərgəsi” təşkil edəcək. İctimai birlikdən Modern.az-a verilən məlumata görə, layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilidir.
Bildirilib ki, “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində keçiriləcək düşərgədə 15-18 yaşlı 40 nəfər gənc iştirak edəcək.
Qeyd edilib ki, bütün iştirakçılar fəal internet istifadəçiləridir. İştirakçıların seçimi ərizə əsasında müsabiqə və internet vasitəsilə müsahibə yolu ilə aparılıb. Düşərgəyə təlimçi və fasilitator qismində mütəxəssislər, sosial şəbəkədən fəal istifadə edən tanınmış şəxslər dəvət olunacaqlar. Düşərgə innovativ və interaktiv metodlar ilə idarə olunacaq və hər bir iştirakçının fərdi ehtiyaclarını qarşılaya biləcək. Düşərgə müddətində gənclər internetlə təmin olunacaq və bununla da əldə etdikləri yeni informasiya və biliklərdən praktik şəkildə faydalana biləcəklər.
Layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yararlana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da, gənclərin internetdən yalnız şəxsi gündəlik məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərin gerçəkləşdirilməsi üçün istifadəsinə nail olmaqdır.
Modern.az