Azərbaycan səfər edən ATƏT-ə üzv 19 ölkənin səfirləri bu gün müxalifət partiyalarının rəhbərləri ilə görüşəcək. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. O, bildirib ki, ATƏT-ə üzv ölkələrin nümayəndələri ilə görüşdə Müsavar başqanı İsa Qəmbər də iştirak edəcək.
“Günün birinci yarısında səfirlərlə müxalifət partiyalarının görüşü keçiriləcək. Məndə olan məlumata görə, görüşdə digər müxalifət partiyaları da iştirak edəcək. Görüşlə bağlı onu deyə bilərəm ki, bu barədə Müsavat Partiyasına da təklif edilmişdi. Biz də bu görüşdə rəhbərlik səviyyəsində təmsil olunacağıq”, - deyə G.Aslanlı bildirib.
Qeyd edək ki, ATƏT-ə üzv olan 19 ölkənin səfirləri dünən Ermənistandan sonra Azərbaycana səfər ediblər. Səfər çərçivəsində ATƏT rəsmiləri ölkə başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla da görüşlər keçiriblər.
***
ATƏT-ə üzv ölkələrin nümayəndələri ilə müxalifətçilərin görüşü başa çatıb. Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan və digər müxalifətçilər iştirak edib. Toplantıda seçki məsələləri, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə edilib.
Anar RÜSTƏMOV