Modern.az

“Keçmiş icra başçısının qanunsuzluğu diqqətlə araşdırılacaq” - Azər Qaraçənli

“Keçmiş icra başçısının qanunsuzluğu diqqətlə araşdırılacaq” - Azər Qaraçənli

11 Sentyabr 2012, 15:29

Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov anasının adına rəsmiləşdirdiyi sənədlə mərhum şair Ağa Laçınlıya verilmiş torpaq sahəsini zəbt edib və torpağı hasara alıb.

Şairin oğlu, “Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli Modern.az-a açıqlamasında bildirib ki, artıq məsələ ilə bağlı lazım olan hüquqi addımlar atılıb. A. Qaraçənli qeyd edib ki, qarşı tərəf, yəni Səbail rayonunun sabiq icra başçısı Rüstəm Məmmədov və onun qardaşları öz qanunsuz əməllərindən əl çəkmək fikrində deyillər: “Məsələ ictimailəşdikdən sonra onlar bizim torpaq sahəsinə çəkdikləri qanunsuz sədlərinin ancaq 2 metrini sökdülər. Amma hələ daha çox 5 metr də sökməlidirlər. Hələlik bu həyata keçməyib. Biz bu işi mütləq reallaşdıracağıq. İstər onlar bunu könüllü etsinlər, istərsə də qanun, hüquq müstəvisində bu iş onsuz da reallaşmalıdır və reallaşacaq”.

Baş redaktor bildirir ki, məsələ ilə bağlı həm Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə, həm də və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib: “Həmin müraciətdə də biz, sabiq icra başçısının əməllərini cinayət məcəlləsinin konkret maddələrinə uyğun olaraq cinayət tərkibini göstərmişik. Ümid edirik ki, bu müraciətə baxılacaq, buna uyğun yəni bu əsasda da məsələ araşdırılacaq. Sabiq icra başçısının hüquqi məsuliyyəti müəyyən olunacaq. Söhbət ondan gedir ki, torpaq sahəsi Rüstəm Məmmədovun icra başçısı işləyən vaxt anasının adına verdiyi sərəncam və o sərəncam əsasında alınan sənədlərlə zəbt olunub. İcra başçısının öz vəzifəsindən sui-istifadə edib torpaq sahəsi ayırması, sonra həmin sənəd əsasında saxta yolla sənədlər alması və gəlib başqasının qanuni torpaq sahəsini zəbt etməsi məsələsi müraciət etdiyimiz ünvanlarda diqqətlə araşdırılacaq. Hazırda biz müraciət etmişik və müraciətimizin nəticəsini gözləyirik”.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi