“Türkiyə hökumət nümayəndələri Azərbaycana gəldi, amma onlarla təhsilin pulsuz olması məsələsi müzakirə olunmadı”. Bu sözləri Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva deyib.
Xatırladaq ki, müdiri T.Əliyeva bir müddət əvvəl özü
Modern.az-a açıqlamasında bildirmişdi ki, Türkiyə hökuməti nümayəndələrinin yaxın vaxtlarda Azərbaycana gəlişi gözlənilir və bu məsələ o zaman müzakirə olunacaq. Şöbə müdiri bildirib ki, burada təhsilin tamamilə pulsuz olması barədə deyilənlər düzgün deyil.
“Türkiyədə də, Azərbaycanda olduğu kimi, dövlət və öz hesabına oxuyan tələblər var. Amma Türkiyədə dövlət hesabına oxuyan tələbə 9-10% civarında pul ödəyirdi. İndi həmin ödəniş ləğv edilib. Yəni öz hesabına oxuyan tələbələr yenə pul ödəyirlər”.
Türkiyə hökumət nümayəndələrindən R.T.Ərdoğan və bir neçə universitet nümayəndələri ilə görüşün təşkil edildiyini deyən T. Əliyeva bildirib ki, görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub. “Müqavilələr imzalandı. Əsasən də Anadolu Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə olundu”. Dövlət xətti ilə bu il Türkiyəyə tələbənin getməməsi məsələsinə də toxunan şöbə müdiri qeyd edib ki, bəzi məqamlarda iki tərəfin razılığı olmalı və müqavilə şərtlərində ortaq məxrəcə gəlinməlidir.
“Hər iki ölkənin öz qanunvericiliyi var. Biz Türkiyəyə tələbə göndəririksə, əmin olmalıyıq ki, o tələbə gedəndən sonra orada əziyyət çəkməyəcək, havada qalmayacaq, yerlə təmin olunacaq. Onsuz da biz tələbənin yemək, təhsil, kitab, yol və əlavə xərclərini ödəyir, üstəlik onlara təqaüd də verilir. Sadəcə biz əmin olmalıyıq ki, tələbəmiz o ölkəyə gedəndə problemlərlə qarşılaşmayacaq”, – deyə T.Əliyeva vurğulayıb.
Aytən Əliyeva