Modern.az

Lalə Şövkət YAP-la görüşü dəstəklədi

Lalə Şövkət  YAP-la görüşü dəstəklədi

17 Sentyabr 2012, 15:48

“Biz ümummilli maraqlar naminə iqtidarla görüşə hazırıq”

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət ötən həftə Ramil Səfərovla bağlı biraraya gələn müxalifət-iqtidar nümayəndələrinin görüşünü müsbət qiymətləndirib. Bu barədə Modern.az-a Partiya sədri Əvəz Temirxan açıqlama verib.

ALP sədri bildirib ki, son günlər bu görüşlə bağlı ünvanlarına müxtəlif  tənqidlər səsləndirilsə də partiya lideri Lalə Şövkət Yeni Azərbaycan Partiyasının dəvəti ilə baş tutan görüşün əhəmiyyətini müsbət qiymətləndirərək iqtidar-müxalifət birliyinin vacib olduğunu hesab edib.

“Biz Yeni Azərbaycan Partiyasının təklifini qəbul edib, həmin görüşdə iştirak etdiyimiz üçün hesab edirik ki, düzgün addım atmışıq. Qeyd edim ki, görüşlə bağlı Lalə Şövkətə dəvət gələn zaman Lalə xanım təklifi qəbul edərək, bunun peşəkar şəkildə atılan addım olduğunu bildirdi. Kim nə deyirsə desin. Biz düzgün olan addımı atmışıq. İqtidarla müxalifətin bir masa arxasında əyləşməsi nə üçün qəbahət olsun ki. Biz bu görüşdə şəxsi məsələlərimizi müzakirə etməmişik, Azərbaycanın ümummilli maraqları naminə toplanmışdıq”,- deyə Ə.Temirxan vurğulayıb.

Qeyd edək ki, uzun fasilədən sonra ötən həftə Azərbaycanın iqtidar və müxalifət partiyaları yenidən bir masa arxasında toplanaraq Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməni müzakirə ediblər. AP-nin qəbul etdiyi qətnamənin müzakirəsindən sonra iqtidar-müxalifət nümayəndələri birgə  müraciət qəbul ediblər.  

 

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi