Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına və Fondun yerli orqanlarında icra intizamının gücləndirilməsinə həsr olunan geniş kollegiya iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda Fondun sədri Səlim Müslümov dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində DSMF-də görülən işlərə toxunub. Fondun sədri bildirib ki, Prezidentin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılmasına xidmət edir. O, Milli Fəaliyyət Planı çərçivəsində Fondda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq, şöbə müdirlərinə müvafiq tapşırıqlar verib.