Modern.az

Sumqayıtda güclü partlayış: ölən və yaralananlar var - YENİLƏNİB

Sumqayıtda güclü partlayış: ölən və yaralananlar var - YENİLƏNİB

17 Sentyabr 2012, 18:02


Sentyabrın 17-də Sumqayıt şəhəri “Zavodlar” deyilən ərazidə güclü partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzindən Modern.az-a verilən məlumata görə, partlayış Yuyucu tozlar Zavodu ilə Alüminium zavodu arasında baş verib. İlkin məlumata görə, partlayış ərazidəki mazut çənlərində baş verib. Hadisə nəticəsində yanğın ətrafa yayılıb və qara tüstü hadisə yerini və yaxınlıqdakı məhəlləni bürüyüb. Hələ ki, partlayışın hansı zavodda olması dəqiqləşdirilir.

Hadisə yerinə bir neçə yanğınsöndürən və çoxlu sayda təcili tibbi yardım maşınları cəlb olunub. Məlumata görə, çox sayda yaralı var.

FHN-nin Sumqayıt üzrə bütün regional rəhbərliyi hazırda hadisə yerindədir.

***
Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Arif Yusifov Modern.az saytına açıqlamasında bildirib ki, hələ xəstəxanaya heç bir yaralı gətirilməyib.

“Ərazidə yanğın geniş olduğu üçün ora yaxınlaşmaq mümkün deyil. Xəstəxananın təcili yardım maşınları hadisə yerindədir”.

***
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir.

***
Yanğın baş verən ərazidə olan şahidlərin verdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Bundan başqa əraziyə yanğınsöndürən helikopter cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq rəsmi məlumat yayıb. Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Anar Kəlbiyev  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi