Abşeron rayonunun Masazır qəsəbəsinin sakinləri Modern.az saytına müraciət edərək onların səsinin aidiyyatı qurumlara yetişməsi üçün kömək istəyiblər. Masazırlılar deyirlər ki, qəsəbədə bir dənə də olsun zibil qutusu yoxdur ki, zir-zibillərini ora tökə bilsinlər. Onlar yaşadıqları qəsəbəni Haitiyə ilə müqayisə ediblər.
”Bu məktubu Sizə yazmaqda məqsədimiz Sizdən kömək istəmək və bu yazını işıqlandırmağınızı xahiş etməkdir. Bəlkə Sizin saytın vasitəsi ilə bizim dərdimizə əlac edən tapıla. Abşeron rayonunda bir Masazır qəsəbəsi var, kaşki olmayaydı. Bu başıbəlalı qəsəbə zibil içində batıb gedir. Bu boyda qəsəbədə bir dənə də olsun zibil yeşiyi yoxdurki camaat zibilini atsın. Küçələrə baxsanız Haitidəki zəlzələdən sonrakı vəziyyətlə qarşılaşarsınız. Əvvəllər bir yerdə zibil yeşiyi var idi, indi onu da bələdiyyə öz həyətinin qarşısına qoydurub ki, ora da əri zibil atırlar. Əgər zəhmət çəkib Masazıra gəlmək istəsəniz və yaxud oralardan keçəsi olsanız, igid Koroğlunun, şair Hüseyn Arifin adını daşıyan küçələrdə nələrin baş verdiyinin şahidi olarsınız. Ancaq qorxmayın Siz Haitiyə yox, Masazıra düşümüş olacaqsınız. Budurmu Bakı kəndlərinin və qəsəbələrinin sosial inkişaf planı?
Hörmətlə, masazırlılar”.
Xatırlatma: Milli Məclis bir müddət əvvəl “İstehsalat və məişət tullantıları haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq.