Artıq üç ildir ki, Bakının tanınmış təhsil ocaqlarından birində - şəhid Telman Abbasov adına 225 saylı tam orta məktəbdə yapon dili tədris olunur. Bu barədə məktəbin direktoru Sevda Eminova məlumat verib. Sevda xanımın sözlərinə görə, ölkəmizdə o qədər də populyar olmayan bu əcnəbi dilin tədrisinə 2009-2010-cu dərs ilindən başlansa da, məktəbin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əlaqələri 10 illik tarixə malikdir.
2002-ci ildə Yaponiya səfirliyi məktəbdə bir çox təmir və abadlıq işlərinin aparılmasını maliyyələşdirib. Bundan sonra əlaqələr daha da genişlənib. Bu Uzaq Şərq ölkəsinin milli bayramlarında və yaxud bizim milli bayramlarda səfirlik və məktəb kollektivi qarşılıqlı şəkildə bir-birlərinə qonaq olmağa başlayıblar. Və belə geniş əlaqələrin nəticəsində məktəb kolektivində bu xalqın dilinə maraq yaranmağa başlayıb. Beləliklə, Təhsil Nazirliyinin icazəsi ilə 2009-cu ildən 225 saylı məktəbdə yapon dili həftədə 3 saat olmaqla tədris edilməyə başlayıb. Səfirlik məktəbi yapon dili dərslikləri ilə tam təmin edib.
Yapon dilinin tədrisi isə 17 il Yaponiyada yaşayıb-işləmiş təcrübəli mütəxəssis Esmira Məmmədova tərəfindən aparılır. Artıq bu tədris ilindən yapon dili məktəbin dörd sinfində - V, VI, VII və VIII siniflərində öyrədilir. Ötən üç il ərzində tədrisdə xeyli uğurlar əldə edilib. Yapon dilini öyrənən şagirdlərin çoxu artıq bu dili mənimsəməyə başlayıb. Məktəbin İlkin adlı VIII sinif şagirdi Yaponiya səfiri ilə həmin dildə sərbəst danışa bilir.