Modern.az

Büdcə vəsaitini talayan məmurlar – Rəsmi SİYAHI

Büdcə vəsaitini talayan məmurlar – Rəsmi SİYAHI

24 Sentyabr 2012, 18:06

Baş Prokurorluğu Maliyyə Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən büdcə vəsaitlərini mənimsəmə və israf etmə yolu ilə talayan vəzifəli şəxslərin cinayətkar əməlləri ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının  qarşısının alınması dövlətimizin diqqət mərkəzində olmaqla  bu sahədə də prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir.

Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən büdcə vəsaitlərini mənimsəmə və israf etmə yolu ilə talayan vəzifəli şəxslərin cinayətkar əməlləri ifşa olunub.

Aparılmış araşdırmalarla Goranboy rayon İcra Hakimiyyəti başçısının Xanqərvənd kəndi üzrə icra nümayəndəliyinin məsul şəxsləri tərəfindən 2008-2012-ci illəri əhatə edən dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməklə dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması müəyyən edilib.

İcra nümayəndəliyinin vəzifəli şəxsləri tərəfindən təftişlə əhatə olunan dövr ərzində Xanqərvənd  körpələr evi-uşaq bağçasına qanunsuz olaraq 11 işçi, o cümlədən 1 təsərrüfat müdiri, 5 tərbiyəçi,  1 böyük tibb bacısı və sair işçilər qəbul edilərək onlara ümumilikdə 66 min 221 manat məbləğində əmək haqqı hesablanaraq verilib.

Bundan başqa, Xanqərvənd kəndi üzrə icra nümayəndəliyindən fiziki şəxs Məmmədov Vüsal Fikrət oğlunun hesabına 6 min 67 manat pul keçirilərək icra nümayəndəsinin müavini Xəlilov Xəlil İsfəndiyar oğlunun adına həmin məbləğdə dəftərxana, təsərrüfat malları və digər mal-material alınması barədə qaimə-faktura tərtib edilsə də, araşdırmalar zamanı həmin sənədlərin saxta olduğu, qeyd olunan malların mühasibatlıqda uçota alınmadığı, həmçinin onların paylanılması və istifadə olunmasına dair silinmə aktlarının tərtib edilmədiyi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)  maddələri ilə cinayət işi başlanıb.

Digər cinayət işi Masallı rayon İcra Hakimiyyəti başçısının Həsənli kəndi üzrə icra nümayəndəliyinin məsul şəxsləri tərəfindən 2008-2012-ci illəri əhatə edən dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməklə dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması faktına görə Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, Həsənli kəndi üzrə icra nümayəndəliyindən "Halal", "Təchizat", "Sonay-TM" və "Elçin" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin hesablarına ərzaq məhsullarının alınması üçün köçürülmüş 41 min 906 manat məbləğində vəsaitə dair sənədləşdirmələr aparılmasına baxmayaraq həmin məhsullar müvafiq qaimələr tərtib edilmədən vəzifə saxtakarlığı edilərək qanunsuz olaraq məxaric edilib.

Bundan başqa, təftişlə əhatə olunan dövrdə "Herakl-M" MMC-dən məktəbli forması almaq üçün Həsənli kənd orta məktəbinin direktoru Vəzir Hüseynov tərəfindən 1229 manat, Köçəkli kənd orta məktəbinin direktoru Sakit Ağayev tərəfindən isə 1041 manat xərclənməsi barədə sənədləşmələr aparılmaqla mal əvəzinə həmin müəssisədən nağd pul alınıbdır.

Azərbaycan Respublikasının digər nəzarətedici orqanları ilə əlaqəli şəkildə korrupsiya cinayətlərinin qarşısının alınması, aşkar edilməsi və təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.

İşə düzəltmək adı ilə vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmiş şəxsin qanunsuz əməlləri ifşa edilibdir.

Cəlilabad və Masallı rayon sakinlərinin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, Bakı şəhər sakini Hüseynov İlkin Xıdır oğlu  on nəfər rayon sakinlərinə Dövlət Neft Şirkətində onları operator vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalan vəd verərək aldatma yolu ilə hər birindən 8.0 min manat məbləğində pul almaqla külli miqdarda özgə əmlakını ələ keçirib dələduzluq edilib.

Toplanmış material üzrə Hüseynov İlkin Xıdır oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıbdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə korrupsiya və digər neqativ hallarla üzləşmiş vətəndaşların müracitələrinin təxirəsalınmadan araşdırılması və preventiv tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Bakı şəhər sakininin ona qarşı dələduzluq edilməsi barədə "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, özünü vəkil kimi təqdim edən İbrahimova Rəna Böyükağa qızı Bakı şəhər sakininə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlunu azadlığa buraxdıracağını vəd verərək 3.0 min ABŞ dolları məbdəğində pulunu dələduzluq yolu ilə ələ keçiribdir.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıbdır.

Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi, eyni zamanda vurulmuş ziyanın ödətdirilməsi və vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi