Televiziyalar üçün “yeniliklər dövrü” hesab olunan sentyabr ayı bitmək üzrədir. Yeni mövsüm gəlişi ilə telekanallarda görünən proqramların sayı heç də az deyil.
“Xəzər” televiziyasının mətbuat xidmətinin rəhbəri Məryəm Qulamova Modern.az-a bildirib ki, adıçəkilən TV-də yeni mövsüm deyə bir anlayış yoxdur: “Biz ilin on iki ayını yeni mövsüm kimi elan edirik. Hər ayın əvvəlində yeniliklər etməyə çalışırıq. “Nuş Olsun”, “Həyata Baxış”, “Həyat Varsa”verilişlərinin çəkilişləri davam edir. “Qaynana”, “Aramızda Qalsın” seriallarının ikinici mövsümünün çəkilişləri başlanılıb. Serialların yeni bölümləri çəkilir. Yeni bir serial “Sonun başlanğıcı“ adlanır. Oktyabr ayının ilk həftəsində o, ekranda görünəcək”.
ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu qeyd edib ki, televiziyanın 18 xüsusi və 6 prodakşn verilişi, habelə 3 yeni serialı var. Oktyabr ayından da yeni layihələr olacaq: “Hazırda 3 serial efirdə gedir, 3 serial da çəkilir. Oktyabr ayından həftənin hər günü bir serial gedəcək. İradə İsaqın verilişi artıq gedir, yaxın günlərdə Orxan Fikrətoğlunun verilişi də işıq üzü görəcək. Başqa bir çox verilişlərimiz yeniləndi. Nanənin “Gün Keçir” verilişi də tamamilə yeniləndi. Yeni layihələrdən biri də Zaur Bəxşəliyevin aparıcılıq etdiyi “Ümid Var” proqramıdır. Ən çox yeniliklər “Xəbərlər”də oldu. Bizim üçün xüsusi əhəmiyyətli olan proqram vaxtının artırılmasıdır. Tezdən saat 8-in yarsı 8, 9, 14-də, 18-də, ana xəbərin vaxtı isə saat 21-ə keçib. Artıq saat 24-də də xəbərlərimiz efirə gedir”.
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki, dövlət kanalında da bir sıra yeniliklər var: ““Mədəniyyət” kanalında “Palitra Art” adlı yeni bir veriliş fəaliyyətə başlayıb. Bir sıra yeni sənədli filmlər var. Məhəmməd Hadiyə həsr olunmuş “Zamanın Abidəsi” sənədli film “Mədəniyyət” kanalında gedib, AzTV-də də gedəcək. Rəssam Elçin Məmmədova həsr olunmuş “Yeddi Oğuldan Biri”, Mehdi Hüseynə həsr olunmuş “Əsrimin Yazarıyam”, Abbas Mirzə Şərifzadəyə həsr olunmuş “Səhnəmizin İlk Hamleti”, Molla Vəli Vidadiyə həsr olunmuş “Ailəm Utanır Dərdimdən” sənədli televiziya filmləri bu yaxınlarda efirə veriləcək. Daha bir veriliş də “Rənglər Dünyasından Süzülən İşıq” efirə gedəcək. Bu veriliş rəssam Böyükağa Mirzəzadəyə həsr olunub. Yay fəslindən yeni bir veriliş “Müasir Azərbaycan Gəncliyi” verilişi efirə gedir. AzTV-də yeni veriliş yeni proqram hazırlanan kimi mövsümündən asılı olmayaraq, dərhal efirə çıxır. Hələ bir neçə layihə üzərində də işlənilir. Yaxın müddətdə həmin verilişlər də ekrana çıxacaq”.
ANS-in ictimai əlaqələr üzrə müşaviri Mais Məmmədov isə deyib ki, televiziyada olan yeni verilişləri tamaşaçılar görür, yaxınlarda da yeniliklər olacaq.
Nihadə Eyyubova