Ölkə KİV-ləri, internetdəki sosial şəbəkələr deputat Gülər Əhmədova ilə hazırda Fransada yaşayan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin arasında gedən gizli söhbətin videogörüntüsünü yayıb. Ötən gecədən yayılan videomaterial ölkə gündəmini zəbt edib.
Videomaterialda söhbət Elşad Abdullayevin deputat seçilmək üçün vermək istədiyi rüşvətin məbləğinin müzakirəsindən gedir. Videogörüntüdə görünür ki, deputat rektorla, Sevinc Babayeva adlı bir qadının da iştirakı ilə, deputat mandatı qarşılığında pul söhbəti edir. Danışıqdan da görünür ki, istənilən məbləğin 500 mini artıq rüşvət şəklıində verilib.
Keçmiş ABU-nun sabiq rektoru Elşad Abdullayev hələ bir neçə gün öncə Baş Prokurorluğa müraciətində deputat Gülər Əhmədovaya 2 milyon dollar rüşvət verdiyini iddia edib. Bildirib ki, xanım millət vəkili həmin pulun müqabilində onu Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra itkin düşən qardaşı Mahirin sağ-salamat qaytarılacağına söz verib.
“Lakin o, vədinə əməl etmədiyindən, pulumu geri istədikdə isə məni həbslə və fiziki cəhətdən məhv etdirəcəyilə hədələdi”.
Hələlik yayılmış videoya millət vəkili Gülər Əhmədovanın rəsmi reaksiyası açıqlanmayıb.
Deputatın Facebook-dakı profilində qeyd edilib ki, videomaterial montajdır.
Modern.az saytı məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayaraq olaya münasibət öyrənməyə çalışıb. Lakin Gülər xanım əməkdaşımıza hələlik bu haqda danışmaq istəmədiyini deyib.
Modern.az