“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistan tərəfi ilə bağlıdır”.
Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz Dağlıq Qarabağ probleminə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu münaqişənin həll edilməməsində problem yaradan Ermənistan tərəfədir.
Məsud Yılmaz “Körpülərin salınması” konfransında beynəlxalq çıxışı zamanı Türkiyə-Azərbaycan münasibətlərindən danışarkən bildirib ki, rəsmi Ankara Azərbaycanın hər zaman ərazi bütövlüyünü tanıyır.
“Türkiyənin Cənubi Qafqaz ölkələri arasında tanıdığı ölkələrdən birincisi Azərbaycandır. Azərbaycan və Türkiyə münasibətləri yaxşı inkişaf edir. Bu, özünü “Bakı- Ərzurum” layihəsində də göstərdi. "Bakı-Tbilisi-Ceyhan"ı ən yaxşı bir nümunə kimi göstərə bilərik. Bu enerji dəhlizinin istifadəsi əlaqəni möhkəmləndirir. Hazırda Bakı-Tbilisi-Qars dəmiryolu xətti çəkilir və bu da gələcək inkişafdan xəbər verir.
M.Yılmaz qeyd edib ki, Türkiyə Cənubi Qafqazda olan Gürcüstan, Ermənistan və Azərbaycanla diplomatik münasibətlər qurub. Qarabağın Ermənistan tərəfindən işğalından sonra Türkiyə Ermənistanla öz sərhədlərini bağlayıb.
O, Qarabağ müharibəsi zamanı rəsmi Ankaranın mövqeyindən də danışıb:
“Vaşinqton Qarabağ müharibəsi zamanı Türkiyəni bu regionda rol oynamağa çağırır və Rusiya və İranın səyini azaltmağa çalışır. Ancaq Ankara bundan imtina edib. 2009-cu ildə Ermənistanla razılaşma əldə edildi. Amma bu, Azərbaycanı vurmaq kimi yanlış başa düşüldü. Türkiyə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir. Ermənistanla Azərbaycan arasında münaqişə həll olunarsa, bundan Türkiyə də qazanacaq”.
Anar KƏLBİYEV