O, çirkli pulların yuyulması işi üzrə təqsirləndirilir
Ermənistan parlamenti oktyabrın 1-də baş prokuror Aqvan Ovsepyanın “Çiçəklənən Ermənistan” partiyasından deputat, keçmiş xarici işlər naziri Vardan Oskanyanın toxunulmazlığının ləğvi barədə vəsatətinə baxacaq. ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, bu barədə spiker Oaik Abramyanın mətbuat katibi Qoar Poqosyan deyib.
Sabiq nazirin deputat toxunulmazlığının əlindən alınması məsələsi növbədənkənar müzakirə ediləcək.
“Çiçəklənən Ermənistan” partiyasının Siyasi Şurası və parlament fraksiyası bu gün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın deputat toxunulmazlığından məhrum edilməsi məsələsini müzakirə edəcək. Partiaynın mətbuat katibi Tiqran Urixanyan bildirib ki, partiya məsələ ilə bağlı mövqeyini müzakirədən sonra açıqlayacaq.
Qeyd edək ki, Ermənistanın baş prokuroru Aqvan Ovsepyan Vardan Oskanyanın toxunulmazlığının ləğvi ilə bağlı vəsatət təqdim edib. O, çirkli pulların yuyulması işi üzrə təqsirləndirilən qismində istintaqa cəlb edilməlidir. Vəsatətdə Vardan Oskanyan barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı heç bir qeyd yoxdu.
Modern.az