Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının işğal olunan ərazilərindən Ermənistan Respublikasının silahlı qüvvələrinin hələ də çıxarılmaması nəticəsində rəsmi Yerevanın birbaşa günahı ucbatından yaranan durğunluq vəziyyəti müzakirə edilib.
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfinin status-kvonu saxlaması üçün bütün hiylə və bəhanələrə əl atdığını bildirib.
Həmsədrlər öz ölkələrinin prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək, hazırkı status-kvonun qəbul edilməz olduğunu vurğulayıblar.
Azərbaycanın Xarici İşlər Naziri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərində qaldığı müddətdə regionda sülhün, təhlükəsizliyin və sabitliyin təhdid altında olacağını həmsədrlərin bir daha diqqətinə çatdırıb.
Modern.az