Xəbər verdiyimiz kimi, Milli Məclisin payız sessiyasında hamının çoxdan gözlədiyi “Təhsil krediti haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər. Əksəriyyət bu qanunun qəbul olunmasını istəsə də, banklar bunun əleyhinədir.
Bu məsələ ilə bağlı Milli Məclisin vitse-spikeri Bahar Muradova Modern.az-a açıqlamasında bildirib ki, hələlik qanun layihəsinin dəqiq müzakirə olunacağını birmənalı söyləmək olmaz. B.Muradova hələlik qanunun vacibliyi haqqında söhbət getdiyini deyib.
“Yəni qanun layihəsi parlamentdə rəsmi müzakirəyə hazırlandığı vaxt təbii ki, Azərbaycandakı mövcud bankların və bu prosesdə iştirak edə biləcək qurumların rəyi nəzərə alınacaq. Hələki bu məsələ ictimai müzakirədədir. Ona görə bankların rəylərinin çox böyük əhəmiyyəti var. Bu qanun layihəsinin necə olması, beynəlxalq praktika, qabaqcıl praktika və onun haqqında banklar öz rəylərini parlamentdəki müzakirələr zamanı bildirsələr, bu, işin xeyirinə olardı”.
Anar KƏLBİYEV