Modern.az

Qafqaz Universiteti Jurnalistika fakültəsinə qəbul olan tələbələri bölüşdürməyə məcbur olub

Qafqaz Universiteti Jurnalistika fakültəsinə qəbul olan tələbələri bölüşdürməyə məcbur olub

29 Sentyabr 2012, 12:31

2012-2013-cü il tədris ili üçün Təhsil Nazirliyi özəl universitetlərin Jurnalistika fakültəsinə qəbulu dayandırdı. Bununla da bu il dövlət universitetlərindən başqa digər universitetlərin Jurnalistika fakültəsinə qəbul olmadı. Bu qərardan sonra keçən il Jurnalistika fakültəsi açan Qafqaz Universiteti öz tələbələrini digər universitetlər arasında bölüb.

Modern.az-a bu haqda universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev məlumat verib. Onun sözlərinə görə, keçən il universitetə 20 tələbə qəbul olunub:


“Bizdə Jurnalistika fakültəsi keçən il açılmışdı və biz 20 tələbə qəbul etdik. 2012-2013-cü ildə özəl universitetlərin Jurnalistika fakültəsinə qəbul dayandığı üçün biz jurnalistikada oxuyan tələbələrin valideynlərilə görüşlər keçirdik və bildirdik ki, əgər istəyirsinizsə, uşaqları Qafqaz Universitetinin bu ixtisasa uyğun olaraq digər fakültələrinə keçirək”.

R.Rzayev qeyd edib ki, bundan sonra tələbələrin müəyyən qismi universitetin digər fakültələrinə keçib. “Bir neçə türkiyəli tələbə var idi, onlar öz ölkələrində oxumaq istədilər. Bir neçə tələbə də Azərbaycanda Jurnalistika fakültəsi olan digər universitetlərə göndərildi”.

Qafqaz Universitetinin mətbuat xidməti tam statistikanı bilmədiyini söyləyib. Onun sözlərinə görə, hələ ki uşaqlar digər universitetlərə yeni keçiblər, əmrləri indi rəsmləşdirilir.

“Amma deyə bilmərəm ki, neçə tələbə başqa universitetə keçdi, neçə nəfər qaldı? Onlardan Bakı Dövlət Universitetinə keçən də, Qafqaz-da qalan da, Türkiyə universitetlərinə də gedən oldu. Amma əlimizdə dəqiq statistika yoxdur”-deyə, R. Rzayev əlavə edib.

Sevinc İltifatqızı


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi