Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxış edərək Azərbaycan-İran münasibətlərinin pozulmasında bir sıra beynəlxalq dairələri ittiham edib. Modern.az xəbər verir ki, S.Novruzov bildirib ki, Cənubi Azərbaycanla bağlı Qərb dövlətlərinin apardığı provakasiyalara inanmaq olmaz.
“Cənubi Azərbaycanda baş verən hadisələrdən sonra orada Azərbaycan dilində bir məktəbin olmamasına heç vaxt reaksiya verməyən Amerika birdən-birə bu məsələni ortaya çıxardı. Təbii ki, bu da İranla Azərbaycan münasibətlərinin pozulmasına yönəlmiş bir məsələdir. Bu məsələdə diqqətli olmaq lazımdır. Hal-hazırda bunu bilmək lazımdır ki, Avropa Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsinə imkan verməyəcək. Odur ki, belə məqamlarda ehtiyatlı olmaq lazımdır. Burada əsas məqsəd Azərbaycanla İran arasındakı münasibətləri korlamaqdır” – deyə deputat qərb dövlətlərini tənqid edib.
Modern.az