Modern.az

Müsavat Gülər Əhmədovaya görə yenidən toplandı

Müsavat Gülər Əhmədovaya görə yenidən toplandı

1 Oktyabr 2012, 16:38

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyadan Modern.az-a verilən məlumata görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib. Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

Qeyd edilib ki, yol-nəqliyyat hadisəsinin törədilməsində günahkar bilinərək həbs edilən Nigar Yaqublunun istintaqı başa çatır. Bildirilib ki, Nigar Yaqublunun azadlıqda olacağı halda guya istintaqın gedişinə təsir edə biləcəyi barədə səsləndirilən versiya da artıq öz əhəmiyyətini itirir. Ona görə də Divan üzvləri məhkəməyə kimi Nigar Yaqublunun haqqındakı həbq qətimkan tədbirinin dəyişdirilməsinin məntiqi addım olacağı barədə öz rəylərini bildiriblər.

Müsavatın yığıncağında “NİDA” Vətəndaş Cəmiyyətinin İdarə Heyətinin üzvü Zaur Qurbanlının həbsi ətrafında da müzakirələr aparılıb. Qeyd olunub ki, vətəndaşların, xüsusilə siyasi yönümlü insanların şənbə günləri həbs edilməsi və iki gün heç kimə məlumat vermədən onun faktiki olaraq girov kimi saxlanması ölkənin hüquq-mühafizə orqanlarında geniş yayılmış praktikaya çevrilib. Zair Qurbanlı da məhz bu formada həbs olunub və hətta iki günə yaxın onun harada olması barədə heç kimə məlumat verilməyib

Daha sonra İctimai Palatanın rayon şöbələrinin dünən keçirilən yığıncaqları barədə məlumat dinlənilib və müzakirə edilib. Toplantıda son vaxtlar ölkə gündəmini bürümüş məşhur video qalmaqalı ilə bağlı məsələ də müzakirə olunub. Qeyd olunub ki, bu fakt sadəcə 2-3 şəxs arasında baş vermiş hadisə kimi qiymətləndirilməməlidir. Söhbət indiyə kimi Azərbaycanda seçkilərin saxtalaşdırılması ilə bağlı həm daxili, həm də beynəlxalq ictimai rəydə hakim olan fikrin təsdiqində ölkəni bürümüş siyasi korrupsiya faktından gedir. Odur ki, Divan məsələyə bu prizmadan baxmağı məqsədəuyğun sayır və bildirir ki, yalnız bu halda baş verən hadisənin obyektiv qiymətləndirilməsi mümkün olacaq.

Sonda bu gün qonşu Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı ilkin müzakirələr aparılıb və prosesin diqqətlə izlənilməsinin vacibliyi qeyd olunub.

 

A.RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi