Bu gün keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşlarına olan əmanətlərinə birdəfəlik ödəmələrin verilməsi prosesi üzrə 4 ayın yekunları ilə bağlı “Kapitalbank”da mətbuat konfransı keçirilib.
Modern.az xəbər verir ki, “Kapitalbank” ASC-nin idarə heyəti sədrinin müavini Araz Əliyev bu müddət ərzində olan nəticələri açıqlayıb. O qeyd edib ki, 1 iyun 2012-ci il tarixdən 30 sentyabr 2012-ci ilə qədər “Kapitalbank”a fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əmanətçilərdən 995 673 müraciət daxil olub.
“Bu müddətdə bankın əmanətçilərə birdəfəlik ödəmələrin verilməsi mərkəzində 956 921 müraciətə baxılıb və 819 774 əmanətçiyə ümumilikdə 349109141,95 manat vəsait ödənib. 65880 müraciət üzrə ödənişlərin aparılmasına icazə verilib. Sənədlərini təqdim etmiş həmin əmanətçilər fərdi birdəfəlik ödəməni götürmək üçün birdəfəlik ödəmələr mərkəzinə müraciət etməyiblər. Müxtəlif hüquqi səbəblərdən 71367 müraciətin icrasından imtina edilib. 38755 müraciətə isə hazırda baxılmaqdadır”.
A. Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikasının vətəndaşlarına və işğal olunmuş torpaqlardan olan məcburi köçkünlərin uzaq məsafələrə getməməsi üçün Bakıda, Xaqani 51 ünvanında yeni 144 nömrəli məntəqə yaradılıb.
“Həmin insanların uzaq məsafələrə getməməsi üçün onların sənədləri 144 nömrəli məntəqədə sənədləşdiriləcək və müvafiq şöbədən onların əmanətləri veriləcək”.
Anar Kəlbiyev